Almaniya Bundesliqasında mübarizə aparan "Hannover” klubunun 19 yaşlılardan ibarət komandası 3 oyunçusunu heyətdən kənarlaşdırıb. Almaniyanın "Bild” qəzetinin yazdığına görə, buna səbəb futbolçuların qumarxana soymaq planlarının üstünün açılmasıdır.
Qəzetdə dərc olunan məlumatda qeyd olunur ki, klubun heyətində yer alan türk əsilli futbolçu Ernis iki komanda yoldaşı ilə birlikdə Hannoverin Lauenau qəsəbəsində bir qumarxananı soymağı planlaşdırıb. Adi bir təsadüf qarətçilərin ələ keçməsinə səbəb olub.
Belə ki, futbolçular kazinonun qarşısında avtomobili düzgün park etməyiblər. Bu da polisin diqqətini cəlb edib. Məsələni araşdırarkən məlum olub ki, qarətçilərin idarə etdiyi avtomobilin nömrəsi saxtadır.
Axtarış aparılarkən avtomobildən pnevmatik tapança və maska aşkarlanıb. Sorğu-sualdan sonra futbolçular qarət planlaşdırdıqlarını etiraf ediblər.
Hadisədən xəbər tutan klub rəhbərliyi hər 3 futbolçunu komandadan qovub.