Liderlər üçün asan tur

Liderlər üçün asan tur
"Qarabağ”, "Zirə” və "Qəbələ” klubları 3 xal qazanıblar

Topaz Premyer Liqasında XXII tura yekun vurulub. 3 gün davam edən turun ilk görüşü Bakıda olub. Turnir cədvəlinin liderləri turu qələbə ilə başa vurublar.

Topaz Premyer Liqası
XXII tur
19 fevral (cümə)
"İnter” - "Kəpəz” - 1:0
Qol: Nizami Hacıyev, 55.

"İnter”: 1. Kamran Ağayev, 3. Denis Silva, 6. Laşa Salukvadze, 7. Nika Kvekveskiri, 8. Nizami Hacıyev (k), 10. Elnur Abdullayev, 12. Ruslan Əmircanov, 20. Yuri Fomenko, 22. İlkin Qırtımov, 23. Sezar Meza Kolli, 24. Fuad Bayramov.
"Kəpəz”: 88. Tadas Simaitis, 18. Tural Axundov (k), 3. Tərlan Quliyev, 25. Şəhriyar Əliyev, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 8. Budaq Nəsirov, 7. Junior Osvaldo, 80. Tural Rzayev, 9. Namiq Ələsgərov, 90. Julien Ebah.
Hakimlər: Fariz Yusifov, Mehman Mahmudov, Kamran Bayramov, Ziya Nəsirov.
Bakı. "İnter Arena” stadionu.
İlk iki dövrədəki oyunlar - 1:0, 0:0

İlk oyun gününün yeganə matçında "İnter”lə "Kəpəz” klubları qarşılaşıblar. "İnter Arena”dakı qarşılaşmanın taleyini 1 qol həll edib. Mövsümün ikinci hissəsinə uğursuz başlayan paytaxt təmsilçisi 3 oyunluq qələbə həsrətinə son qoymağı bacarıb. "İnter” Nizami Hacıyevin ikinci hissənin əvvəlində vurduğu qolla aktivinə 3 xal əlavə edib. Cari mövsüm "Kəpəz”lə matçlarda qol buraxmayan "bankçılar” tarixi ərzində evdə uduzmadığı rəqibini turnir cədvəlində də geridə qoyub. 1 pillə irəliləyən Zaur Svanadzenin yetirmələri əlavə göstəricilərdə "Qəbələ”dən geri qalır. Qərblilər isə ardıcıl ikinci dəfə məğlub olublar. Şahin Diniyevin yetirmələri ötən tur "Qarabağ”a uduzmuşdu (1:2).
Yeri gəlmişkən deyək ki, Azərbaycan millisinin futbolçusu Kamran Ağayev yenidən Topaz Premyer Liqasında meydana çıxıb. Paytaxt klubunda debüt edən 30 yaşlı qapıçı 425 gündən sonra Premyer Liqada oynamaq imkanı qazanıb. O, çempionatımızda sonuncu dəfə 2014-cü il dekabrın 21-də "Qəbələ” - "İnter” qarşılaşmasında forma geyinmişdi. Həmin vaxt əyalət klubunun formasını geyinən qapıçı indiki komandasına qarşı oynamışdı.

20 fevral (şənbə)
"Sumqayıt” - AZAL - 2:0
Qollar: Murad Ağayev, 32; Ağabala Ramazanov, 35.

"Sumqayıt”: 1. Səlahət Ağayev, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov (k), 10. Uğur Pamuk, 13. Murad Ağayev, 14. Bəxtiyar Həsənalızadə, 18. Aleksandr Çertoqanov, 29. Amil Yunanov, 55. Ağabala Ramazanov, 97. Xəyal Nəcəfov, 99. Rasim Ramaldanov.

AZAL: 16. Stanislav Namaşko, 2. Rail Məlikov (k), 3. Tural Hümbətov, 24. Emin Cəfərquliyev, 5. Kamil Hüseynov, 6. Tagim Novruzov, 23. Hacı Əhmədov, 10. Nuqzar Kvirtiya, 88. Mirzağa Hüseynpur, 22. Kamal Mirzəyev, 27. Aleksandr Quruli.

Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Zeynal Zeynalov, Mahir Məmmədov.
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu.
İlk iki dövrədəki oyunlar - 1:1, 0:2

İkinci oyun günündə 2 matç keçirilib. Günün ilk matçı Sumqayıtda, ikinci görüşü isə paytaxtda olub. III dövrəyə uğursuz başlayan "Sumqayıt” evdə AZAL klubunu sınağa çəkib. "Qonşular”ın qarşılaşması rəqiblərdən heç birinin mövqeyinə təsir etməsə də, hər iki komanda xal aktivini artırmaq əzmində idi. 2016-cı ildə qol və xal həsrəti yaşayan Samir Abasovun yetirmələri 5 turluq qələbə həsrətini qırmaq üçün mübarizə aparırdı. "Təyyarəçilər”in məqsədi isə 6 oyundur uduzmadığı rəqibi ilə matçda maksimum nəticə əldə etmək idi. Meydan sahibləri matçın taleyini elə ilk hissədə həll ediblər. "Kimyaçılar” "təyyarəçilər”i 2 dəfə oyuna mərkəzdən başlamağa məcbur ediblər. Komandanın heyətində Murad Ağayev və Ağabala Ramazanov fərqləniblər. Bu qələbə həm də "gənclik şəhəri”nin təmsilçiləri üçün "qara zolaq”dan çıxmaq baxımından ilk addım ola bilər.


"Qarabağ” - "Neftçi” - 2:0
Qollar: Samuel Armenteros, 8, Dani, 80.

"Qarabağ”: 13. İbrahim Şehiç, 5. Maksim Medvedev, 8. Migel Madera, 10. Dani Kintana, Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 22. Əfran İsmayılov, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 90. Samuel Armenteros, 91. Coşqun Diniyev.
"Neftçi”: 1. Aqil Məmmədov, 3. Jayro Filyo Rodriges, 5. Xuan Alberto Melli, 6. Aylton Silva, 7. Araz Abdullayev (k), 11. Ruslan Qurbanov, 15. Erik Ramos, 17. Rəhman Hacıyev, 19. Fəhmin Muradbəyli, 20. Anyete, 26. Kamal Qurbanov.

Hakimlər: Rauf Cabbarov, Azər Əsgərov, Nahid Əliyev, Ramil Əhmədov.
Bakı. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu.
İlk iki dövrədəki oyunlar - 1:1, 0:1

Turun mərkəzi görüşü Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda keçirilib. Son 2 mövsümün çempionu və hazırkı lider "Qarabağ” "Neftçi” klubu ilə münasibətlərinə aydınlıq gətirib. Cari mövsümdə keçirdiyi 2 görüşün heç birində Ağdam klubuna məğlub olmayan "ağ-qaralar” bu dəfə uğurlu seriyanı davam etdirə bilməyib. Qarşılaşmanın əvvəlində hesabı açan ağdamlılar, sona 10 dəqiqə qalmış daha bir qol vuraraq, qələbəni bayram ediblər. Rəqib qapısına qolları Samuel Armenteroslə Dani vurublar.
Qələbə ağdamlılar üçün asan başa gəlməyib. Belə ki, çempionatın lideri "Qarabağ” ciddi itki ilə üzləşib. Ağdam təmsilçisi Premyer Liqanın bombardiri Riçard Almeydanın xidmətindən məhrum olub. Buna səbəb braziliyalı yarımmüdafiəçinin mövsümdə 4-cü dəfə sarı vərəqə almasıdır. Almeyda növbəti turu buraxmalı olacaq. O, "İnter”lə səfər matçına çıxa bilməyəcək.

21 fevral (bazar)
"Xəzər Lənkəran” - "Zirə” - 0:2
Qollar: Krneta, 16, Bonilya, 74.

"Xəzər Lənkəran”: 25. Tərlan Qasımzadə, 4. Ruslan Cəfərov, 6. Asif Mirili, 7. Orxan Səfiyaroğlu, 8. Vüqar Bəybalayev, 10. Tural Qürbətov, 12. İlyas Səfərzadə, 15. Nodar Məmmədov, 16. İbrahim Qədirzadə, 17. Vaqif Güləliyev, 18. Tural Cəlilov (k).
"Zirə”: 1. Anar Nəzirov, 37. Yovan Krneta, 2. Çimezi Mbah, 14. Tellur Mütəllimov, 13. Aleksandr Şemonayev, 11. Viktor İqbekoyi, 6.Vüqar Mustafayev, 27. Rəşad Abdullayev (k), 19. Nurlan Novruzov, 32. Luiz Alberto Diez, 9. Nelson Bonilla.
Hakimlər: Ramil Diniyev, Cavanşir Yusifov, Vüqar Bayramov, Elvin Əsgərov.
Lənkəran. "Xəzər Lənkəran” mərkəzi stadionu.
İlk iki dövrədəki oyunlar - 0:1, 0:1

Turun son gününün ilk oyunu "Xəzər Lənkəran”la "Zirə” arasında olub. 10 oyunluq qələbə və qol həsrəti yaşayan cənublular uğursuz seriyanı debütantla görüşdə dayandırmalı idi. Bakılılar isə 2016-cı ildəki məğlubiyyətsizliyi davam etdirib, liderdən uzaq düşməməyi, izləyicilərindən isə uzaqlaşmağı düşündülər. Yaxşı formada olan və turnir cədvəlinin ikinci pilləsində qərarlaşan "Zirə” səfərdən qələbə ilə dönüb. Adil Şükürovun yetirmələri cənubluların qapısında iki cavabsız qol keçirib.
Beləliklə, ardıcıl 4 oyundur qələbə qazanan "Zirə”nin futbolçusu Nelson Bonilla ardıcıl üçüncü oyunda qol vurub. Topaz Premyer Liqasının XX turunda "Sumqayıt”a bir, XXI turunda "Rəvan”a iki qol vuran salvadorlu futbolçu "Xəzər Lənkəran”la səfər matçında da rəqib qapısına yol tapıb. Son 3 görüşdə 4 qol vurub, hesabını 7 topa çatdıran mərkəzi amerikalı bombardirlər yarışına qoşulub. Hazırda 2-ci yerə şərik olan Nelson "Qarabağ”ın braziliyalı oyunçusu Riçard Almeydadan 1 top geri qalır. Sonuncunun cəza səbəbindən qarşıdakı turu buraxması isə Bonillaya liderə çatmaq şansı yaradıb.

"Rəvan” - "Qəbələ” - 0:1
Qol: Arif Daşdəmirov, 76.

"Rəvan”: 1. Rəşad Əzizli, 15. Ceyhun Abdullayev, 2. Ruslan Tağızadə, 17. Ramazan Abbasov (k), 8. Məmməd Quliyev, 13. Cəmşid Məhərrəmov, 92. Yamin Ağakərimzadə, 21. Novruz Məmmədov, 14. Elvin Əliyev, 16. Orxan Lalayev, 99. Əziz Hüseynov.
"Qəbələ”: 22. Dmitri Bezotosni, 3. Voislav Stankoviç, 4. Elvin Camalov, 7. Ermin Zets. 8. Məhəmməd Mirzəbəyov, 9. Sergey Zenyov, 19. Aleksey Qay (k), 21. Arif Daşdəmirov, 32. Rəşad Eyubov, 44. Rafael Santos, 66. Samir Zərgərov.
Hakimlər: Ömər Paşayev, Vaqif Musayev, Munis Abdullayev, Xəlil Xəlilov.
Bakı. "Bayıl Arena” stadionu.
İlk iki dövrədəki oyunlar - 0:3, 1:1

Həftənin son matçında "Rəvan” "Qəbələ” klubu ilə qarşılaşıb. 8 turdur qələbə qazanmayan autsayder indiyədək evdə xal almadığı əyalət klubunu büdrətmək niyyətində idi. Aşağı dəstəyə yuvarlanmaq təhlükəsi olan Bəhmən Həsənovun yetirmələri isə medallar uğrunda mübarizə aparan rəqibdən xal alsa idi, sonuncular mövqeyini əldən verə bilərdi. Matç qonaqların qələbəsi ilə nəticələnib. Roman Qriqorçukun yetirmələri Arif Daşdəmirovun yeganə qolu ilə 3 xal qazanıblar.