Ölkəmizdə idmana göstərilən dövlət qayğısından hər birimiz sevinir, mütəşəkkil surətdə həyata keçirilən bu işdən fərəhlənirik. Olimpnews.az saytının məlumatına görə, hazırda idmanın maddi-texniki bazası möhkəmləndirilib və bu məsələ ilə bağlı ardıcıl tədbirlər həyata keçirilir. Şübhəsiz ki, idman sahəsinin dövlət tərəfindən xüsusi diqqət mərkəzində saxlanılması gənclərimizin fiziki və mənəvi cəhətdən inkişafına yönəldilib. Müstəqillik qazanan Azərbaycanın qısa zaman kəsiyində idmanda böyük nailiyyətlər əldə etməsi dövlətin apardığı məqsədyönlü siyasət nəticəsində mümkün olub. Yeni inşa olunan idman qurğuları, komplekslər, idman zalları, futbol meydançaları minlərlə uşaq, yeniyetmə və gəncin sağlamlığının qorunmasında əhəmiyyətli rol oynayır. Hazırda fəaliyyət göstərən idman obyektləri ən müasir avadanlıqlarla təchiz edilib. Bu cür şəraitin mövcudluğu isə peşəkar idmançıların yetişməsinə, ölkəmizin bütün dünyada nüfuzunun artmasına səbəb olub.
Sevindirici haldır ki, Azərbaycanda bütün idman növləri inkişaf etdirilir və bu idman növləri öz ətrafında minlərlə gənci toplayıb. Azərbaycanlı gənclərin və uşaqların çox böyük maraq göstərdiyi idman növlərindən biri də futboldur. Bütün dünyada sevilən futbol respublikamızda da çox populyardır. Elə bir həyət, məhəllə yoxdur ki, orada hər gün top qovan uşaqlarla rastlaşmayasan. Uşaqlar çox həvəslə futbol oynayırlar, daha doğrusu, futboldan doymaq bilmirlər. Bu cür həvəs, maraq uşaqların zərərli vərdişlərdən uzaqlaşmasına, onların asudə vaxtlarının səmərəli keçməsinə imkan yaradır. Həmçinin uşaqların sağlamlığında böyük rol oynayır.
Gənc nəslin nümayəndələri Azərbaycan milli komandasının çıxış etdiyi oyunları, o cümlədən klublarımızın avrokuboklardakı çıxışlarını böyük coşğu ilə izləyir, ehtirasla azarkeşlik edirlər. Ölkəmizi qitə miqyaslı yarışlarda ləyaqətlə təmsil edən "Qarabağ” və "Neftçi” klubunun iştirakı ilə keçən hər bir qarşılaşma uşaq və gənclərin diqqət mərkəzində olur. Bu komandaların Tofiq Bəhrəmov adına Respublika stadionunda xarici klublara keçirdiyi hər bir oyunu 25-30 min azarkeş dəstəkləyir. Onların arasında gənclər çoxluq təşkil edir. Klublarımızı qələbəyə səsləyən gənclər tribunaları üçrəngli Azərbaycan bayrağı ilə bəzəyirlər. Bu, gənclərin mənəvi tərbiyəsindən, vətənpərvərliyindən, doğma yurdun atributlarına hörmətdən irəli gəlir.
Bakı: mötəbər yarışların keçirildiyi məkan
Müstəqillik qazandıqdan sonra Azərbaycan bir sıra nüfuzlu idman yarışlarına ev sahibliyi edib. Olimpiya idman növləri, o cümlədən qeyri-Olimpiya idman növləri üzrə Avropa və dünya çempionatları ölkəmizdə dəfələrlə keçirilib. Azərbaycanda mötəbər turnirlər üçün yaradılan şəraitdən beynəlxalq qurumlar və federasiyalar razılıqlarını bildiriblər. Artıq beynəlxalq arenada hər hansı yarışın təşkili üçün ölkəmiz əsas namizəd kimi göstərilir. Bu da respublikamızda idmana olan dövlət qayğısının nəticəsidir. Azərbaycan daha bir nüfuzlu beynəlxalq yarışa 2012-ci ilin sentyabrında ev sahibliyi edib. Həmin il sentyabrın 22-də Bakıda və Lənkəranda Azərbaycan FİFA U-17 qadınlararası dünya çempionatı start götürüb. Mötəbər turnirdə Azərbaycanla yanaşı, Yaponiya, Koreya Xalq Demokratik Respublikası, Braziliya, Uruqvay, Kolumbiya, Yeni Zelandiya, Fransa və Almaniyanın komandaları mübarizə aparıblar. Çempionatın açılış mərasimindən bir gün əvvəl - sentyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev FİFA-nın prezidenti Yozef Blatterin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi. Görüşdə FİFA U-17 qadınlar arasında futbol üzrə dünya çempionatının Azərbaycanda keçirilməsinin önəmi qeyd edilib, çempionata hazırlıq işlərinin yüksək səviyyədə təşkil olunduğu bildirilib. Görüşdə, həmçinin ölkəmizdə idmanın, o cümlədən futbolun inkişafına yüksək dövlət qayğısının göstərildiyi vurğulanıb, paytaxtda və regionlarda idman infrastrukturunun yaradılması ilə bağlı ardıcıl tədbirlərin həyata keçirildiyi bildirilib. FİFA-nın prezidenti Yozef Blatter FİFA U-17 qadınlar arasında futbol üzrə dünya çempionatının xüsusi medalını və FİFA-nın vımpelini dövlətimizin başçısına təqdim edib.
Ökəmizdə təşkil olunan dünya çempionatına hazırlıqla bağlı hər bir is yüksək səviyyədə həyata kecirilmisdi. Turnirin keçiriləcəyi Bakı və Lənkəran şəhərlərində bayram əhval-ruhiyyəsi var idi. Qeyd edək ki, Azərbaycan yığması bu dünya çempionatına ev sahibi kimi birbaşa vəsiqə qazanmışdı. Digər komandalar isə seçmə mərhələdə mübarizə apararaq, bu çempionata vəsiqə əldə etmişdilər. Ölkəmizə gələn digər 15 komanda FİFA-nın ən güclü millisi idi. Azərbaycanda qadın futbolu yeni inkişaf etməyə başlasa da, çempionat iştirakçısı olan 15 ölkədə qadın futbolu illər öncə yaradılıb və inkişaf etdirilib. Onu da deyək ki, FİFA-nın qadınlar arasında dünya çempionatı keçirməkdə əsas məqsədi ayrı-ayrı ölkələrdə qadın futbolunu inkişaf etdirmək idi. 22 gün davam edən Azərbaycan FİFA U-17 qadınlararası dünya çempionatı ölkəmizdə böyük marağa səbəb olub. Bu turnirdən sonra futbola qızlar arasında həvəs daha da artıb. Təsadüfi deyil ki, hazırda respublikamızın paytaxtı Bakı şəhərində müxtəlif yaş qrupları üzrə qızlardan ibarət komandalar yaradılıb. Qızlar arasında ölkə çempionatı, respublika birincilikləri keçirilir.
FİFA U-17 qadınlararası dünya çempionatının yüksək səviyyədə təşkili daha bir mötəbər yarışın ölkəmizdə keçirilməsinə şərait yaradıb. Belə ki, 17 yaşınadək futbolçular arasında futbol üzrə Avropa çempionatının final mərhələsi bu il Azərbaycanda təşkil olunacaq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 17 yaşınadək futbolçular arasında futbol üzrə Avropa çempionatının final mərhələsinin təşkili və keçirilməsi ilə bağlı fevralın 15-də Sərəncam imzalayıb. Bu turnir futbola marağın daha da artmasına səbəb olacaq və Azərbaycanın nüfuzlu beynəlxalq idman tədbirlərinə ev sahibliyi etmək təcrübəsini daha da zənginləşdirəcək.
Son zamanlar ölkəmizdə futbolun kütləviləşməsi və inkişaf etdirilməsi istiqamətində bir çox layihələr həyata keçirilir, proqramlar qəbul olunur. "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”nın qəbul olunması da ölkəmizdə futbola dövlət səviyyəsində diqqətin və qayğının göstəricisidir. Dövlət Proqramının müddəalarına əsasən AFFA tərəfindən həyata keçirilən tədbirlər nəticəsində futbolumuzda bir sıra uğurlar qazanılıb və daha böyük nailiyyətlərin təməli qoyulub. Yəni, Dövlət Proqramı uğurla başa çatıb. Belə proqramların qəbul edilməsində məqsəd təkcə yüksək səviyyəli futbolçuların yetişdirilməsi deyil, eyni zamanda, gənc nəslin bu idman növünə marağının daha da artırılması, onların sağlam həyat tərzinə istiqamətləndirilməsi və zərərli vərdişlərdən uzaqlaşdırılmasıdır.
Bu istiqamətdə görülən işlər arasında ən vaciblərindən biri süni örtüklü meydançaların inşa olunmasıdır. AFFA tərəfindən Bakıda və respublikamızın müxtəlif bölgələrində süni örtüklü meydançalar tikilərək təmənnasız olaraq uşaq, yeniyetmə və gənclərin istifadəsinə verilib. Bu isə uşaqların futbol oynamasına rahat şərait yaradır. Son illər Bakının rayonlarında məhəllələrarası futbol turnirləri təşkil olunub və qaliblər federasiya tərəfindən mükafatlandırılıblar.
Uşaq futbolunun inkişafına dəstək verən idman məktəbi
Respublikamızda uşaq idmanının inkişafı, bu sahədə kütləviliyin təmin olunması istiqamətində fəal iş aparan idman məktəbləri kifayət qədərdir. Sırf uşaq futbolunun inkişafı ilə bağlı fəaliyyət göstərən idman ocaqları arasında isə futbol üzrə İxtisaslaşdırılmış Uşaq-Gənclər Olimpiya Ehtiyatları Məktəbi (İUGOEM) fərqlənir. Bu məktəb 1984-cü ildən fəaliyyət göstərir. Bir sıra idman məktəbləri kimi, bu idman ocağı da ümummilli lider Heydər Əliyevin birbaşa göstərişi əsasında yaradılıb. Arxada qalan bu illər ərzində İUGOEM uşaq futbolunda aparıcı mövqe tutaraq, yığma komanda, peşəkar və həvəskar klublar üçün ehtiyat qüvvənin hazırlanmasında aparıcı rol oynayıb. Təkcə onu demək kifayətdir ki, son 3 Olimpiya dövrü ərzində bu məktəb müxtəlif yığma və peşəkar klublara 70 gənc futbolçu göndərib. Əlavə edək ki, arxada qalan illərdə bu məktəbin 6 yetirməsi keçmiş SSRİ-nin gənclərdən ibarət yığma komandasında, 9-u ölkəmizin millisində çıxış edib.
Məktəbdə çox böyük təcrübəyə malik məşqçi-müəllimlər çalışırlar. Onların 5-i Əməkdar məşqçi, 5-i isə idman ustasıdır. Azərbaycan futbolunda xüsusi iz qoyan Anatoli Banişevski, Adil Babayev, Rəşid Özbəyov, Vyaçeslav Semiqlazov, Anatoli Qryazev kimi məşhur futbolçular öz bacarıqlarını İUGOEM-də təlim keçən uşaqlara həvəslə öyrədiblər. Buranın məşqçi-müəllimləri də öz bacarıqları ilə seçilirlər. Əməkdar məşqçi Gündüz Cəlilov, idman ustası Eldar Bədəlov, Canbaxış Hüseynov və başqaları, uzun illərdir ki, uşaq futbolunun inkişafı üçün əllərindən gələni əsirgəmirlər. Məhz bu insanların yorulmaz əməyi sayəsində məktəbin komandaları bir sıra yarışlarda fərqləniblər. Təkcə onu demək kifayətdir ki, bu idman ocağının yığma komandası 1986-cı ildən 2012-ci ilə qədər Bakı şəhər klub-komanda birinciliyində liderliyi əldən verməyib. Məktəbin 1992-ci il təvəllüdlü futbolçuları gənclər arasında keçirilən Azərbaycan çempionatının qalibi olublar. İUGOEM-in yetirmələri beynəlxalq turnirlərdə də yüksək nailiyyətlər qazanıblar. 2006-cı ildə Bolqarıstanda keçirilən beynəlxalq turnirdə ikinci yerə çıxıblar. "Prezident kuboku” beynəlxalq turnirində isə bu komanda 1-ci yerə layiq görülüb. Bu cür uğurların qazanılması bir daha göstərir ki, məktəbin fəaliyyəti düzgün istiqamətdə qurulub, burada uşaq və gənclərin fiziki inkişafı diqqət mərkəzində saxlanılır.
"Yaradılan şərait sayəsində uğurlar qazanılır”

Qeyd edək ki, 1984-cü ildən fəaliyyət göstərən, uşaq futbolunun inkişafında əvəzsiz xidmətləri olan bu məktəbə "Şöhrət” ordenli Əməkdar məşqçi, məşhur futbolçu Kazbek Tuayev rəhbərlik edir. Veteran futbolçu hesab edir ki, ölkəmizin idman sahəsində əldə etdiyi nailiyyətlər dövlətimizin yaratdığı şəraitlə birbaşa bağlıdır. "Ölkəmizdə idmanın hərtərəfli inkişaf etməsi, bu sahədə diqqət çəkən irəliləyişlərin olması Azərbaycan Prezidenti İlham Əliyevin idmançılara göstərdiyi diqqət və qayğıdan irəli gəlir. Hazırda respublikamızın həm paytaxtında, həm də bölgələrimizdə yeni idman qurğuları, möhtəşəm komplekslər fəaliyyət göstərir. Ən müasir tələblər səviyyəsində inşa olunan idman obyektləri gənclərimizin ixtiyarına verilib. Məhz yaradılan şərait sayəsində uğurlar qazanılır. İdmançılarımızın Avropa və dünya çempionatlarında, hər birimizi sevindirir. Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi Azərbaycana göstərilən etimaddan xəbər verir. Avropa Oyunları ölkəmizdə yüksək səviyyədə təşkil olundu. Bu mötəbər turnirdə çıxış edən idmançılarımız öz qələbələri ilə bizi sevindirdilər. Komandamızın 56 medalla ümumi komanda hesabında 2-ci yeri tutması bir daha sübut etdi ki, Azərbaycanda idmana göstərilən qayğı və diqqət yüksək səviyyədədir. Hazırda respublikamızda bütün idman növlərinin, o cümlədən futbolun inkişafı üçün mühüm tədbirlər həyata keçirilir. Bu il 17 yaşınadək futbolçular arasında futbol üzrə Avropa çempionatının final mərhələsinin ölkəmizdə təşkili futbolumuzun inkişafına müsbət təsir göstərəcək. Respublikamızda uşaq futbolu daha da inkişaf edəcək.
Ümumiyyətlə, idmana qayğı, gənc nəslin fiziki inkişafına göstərilən qayğı deməkdir. Rəhbərlik etdiyim futbol məktəbi də öz işini bu yöndə qurub: uşaq və gənclərin fiziki inkişafına nail olmaq, Azərbaycan futbolu üçün ehtiyat qüvvə hazırlamaq. Ötən il 31 illiyini qeyd etdiyimiz Futbol üzrə İxtisaslaşdırılmış Uşaq-Gənclər Olimpiya Ehtiyatları Məktəbi Azərbaycan futboluna yeni adlar bəxş edib, gənc futbolçuların yetişməsində çox böyük işlər görüb. Bu iş indi də uğurla davam etdirilir. Təsadüfi deyil ki, hazırda məktəbimizdə min nəfər uşaq futbolla məşğul olur. Uşaq futbolunun inkişafı böyük futbolun əsasını qoyur. Mən əminəm ki, dövlətimizin qayğısı sayəsində həyata keçirilən işlər-maddi-texniki bazanın gücləndirilməsi, yeni stadionların istifadəyə verilməsi Azərbaycan futbolunu zirvələrə qaldıracaq. Uzun illər idmanda olan bir insan kimi deyə bilərəm ki, hazırda gənc nəslin fiziki sağlamlığı yüksək şəkildə qorunur. Ən vacib olan isə məhz budur. Sağlam gənclik sağlam gələcək deməkdir. Bu gün ölkəmizdə sağlam bir nəsil yetişib. Gənclərimizin təlim-tərbiyəsi, davranışları, əxlaqi keyfiyyətləri şəxsən mənim ürəyimcədir. Ümumiyyətlə, komanda idman növləri kollektivin üzvlər arasında dostluq mehriban münasibət yaradır. Bu isə uşaqların mənəvi tərbiyəsinə müsbət təsir göstərir”, - deyə veteran futbolçu Kazbek Tuayev bildirdi.
Qeyd edək ki, İUGOEM-də uşaqların təkcə futbolçu kimi yetişməsinə diqqət göstərilmir. Məktəbdə təlim keçən uşaqların mənəvi tərbiyəsi, onların vətənpərvər insan kimi yetişməsi də diqqət mərkəzindədir. Məşqçi-müəllimlər öz yetirmələrinin orta məktəblərdə dərsə davamiyyəti ilə də maraqlanır, onların vətənpərvər ruhda böyüməsi üçün əllərindən gələni əsirgəmirlər.
Ötən ilin yekunları ilə bağlı danışan Kazbek Tuayev 2015-ci ili İUGOEM üçün uğurlu olduğunu vurğuladı: "Məktəbimizin aşağı yaş qruplarından ibarət 4 komandası Bakı şəhər klub-komanda birinciliyində yüksək nəticələr qazanıb. Belə ki, birincilikdə mübarizə aparan 1999-cu il təvəllüdlü futbolçularımız 2-ci, 2000-ci il təvəllüdlülər isə 1-ci yeri tutublar. 2001-ci il təvəllüdlü futbolçulardan ibarət komandamız 4-cü yerlə kifayətlənib. 2002-ci il təvəllüdlülər isə 2-ci olublar. Qeyd edim ki, İUGOEM ümumi komanda hesabında 92 xalla birinci yerə layiq görülüb”.
İdman məktəbi digər futbol klubları ilə əməkdaşlıq edir. Məktəbin yetirmələri Premyer Liqa və I Divizionda iştirak edən klubların heyətində yetərincə tanınıblar. Kazbek müəllim bu məktəbdə yetişən futbolçuların gələcəkdə də peşəkar klublarda yer alacağını istisna etmir. "İUGOEM digər klublarla yanaşı, "Rəvan” futbol klubu ilə də sıx əməkdaşlıq edir. Burada yetişən futbolçuların əksəriyyəti sonradan "Rəvan” klubunun Futbol Akademiyasına yollanırlar. Qeyd etdiyim kimi, bizim məktəb bütün yaş qrupları üzrə mili komandamıza ehtiyat futbolçular hazırlayır. Məktəbimizin yetirmələrindən Tərlan Quliyev (U-21, A milli), Həmid Quluzadə, Aydın Bayramov, Urfan İsmayılov (hər üçü U-21), Ülvi Kələkov, Mirkamil Əliyev, Anar Həsənov, Əlibəy Məmmədli (hamısı U-19), Elməddin Əliyev (U-17, U-19), Rəşid Əliyev, İbrahim Hüseynov (hər ikisi U-15) kimi futbolçuların adlarını qeyd etmək olar”, - deyə təcrübəli mütəxəssis bildirdi.
"Övladının sağlamlığını düşünən valideyn onun əlindən tutaraq idman zalına aparmalıdır”

İdman məktəbinin müəllimi Eldar Bədəlov bizimlə söhbətində qeyd etdi ki, idman elə bir sahədir ki, həyatını bu sahə ilə bağlayanlar həm fiziki, həm də mənəvi cəhətdən sağlam olurlar. "Azərbaycanda bütün idman növləri inkişaf etdirilir. Uşaqların idman bölmələrinə cəlb olunması çox vacib məsələdir. Çünki idman uşaqları pis vərdişlərdən uşaqlaşdırır. Şübhəsiz ki, hər bir valideyn öz övladının sağlam böyüməsini arzulayır. Lakin valideynlərin hamısı başa düşmür ki, uşağın sağlam böyüməsi üçün ilk addımı məhz valideynləri atmalıdırlar. Yəni, övladının sağlamlığını düşünən valideyn onun əlindən tutaraq idman zalına aparmalıdır. Öz övladını idman zalına aparan hər bir valideyn uşağına izah etməlidir ki, idmanda əldə edəcəyi nailiyyətlər həm də onun mənəvi tərbiyəsinə kömək edəcək. Əlbəttə, valideynlərin əksəriyyəti öz övladını Olimpiya çempionu kimi böyütməyi qarşısına məqsəd qoymur. Bəzi valideynlər üçün idman, sadəcə, uşağın xəstəliklərdən qorunması, onda özünəinam hisslərinin yaranması, tərbiyəli böyüməsi üçün əsas sayılır. Onlar öz övladlarının fiziki sağlamlıqlarını hər şeydən üstün tutur və onların məşhur idmançı kimi yetişməsi barədə düşünmürlər”, - deyə o əlavə etdi.
Eldar Bədəlov kiçikyaşlı uşağı hər hansı bir idman bölməsinə yazdırarkən onun bacarığı, fiziki imkanlarının da nəzərə alınmasının vacib olduğunu vurğuladı: "Unutmaq olmaz ki, uşağın fiziki inkişafı çox ciddi məsələdir. Məhz buna görə də hər hansı bir idman bölməsinə getməzdən əvvəl həkimlə məsləhətləşmək lazımdır. Bu zaman bölməyə rəhbərlik edən təcrübəli idman mütəxəssisləri ilə də söhbət etmək vacibdir. Valideynin əsas işlərindən biri qeyd olunan mütəxəssislərin rəyini dinləmək olmalıdır. Məhz bundan sonra qərar vermək lazımdır. Bizim məktəbimizdə futbolla məşğul olmaq istəyən uşaqlarla, onların valideynləri ilə ətraflı söhbət edirik. Valideynə izah edirik ki, idman bölməsinə yazdırmaq istədiyi uşağın imkanları hansı səviyyədədir, yəni o, çiyinlərinə düşəcək "yükü” ram etmək gücünə malikdirmi? Yəni, valideyn bu halları nəzərə almalıdır. Əks təqdirdə, idmanla məşğul olmağa başlayan uşağı xroniki yorğunluq əldən salar, o, özünü digərlərindən gücsüz hiss edər və idmanda heç nəyə nail ola bilməyəcəyini düşünər. Belə halda uşaq istər-istəməz idman bölməsindən uzaqlaşacaq. İUGOEM-ə üz tutan uşaqların bu sahədən vaxtından əvvəl uzaqlaşmaması üçün profilaktik tədbirlərin keçirilməsi vacib amildir. Bunu nəzərə alan məşqçi-müəllimlərimiz futbolçu olmaq istəyən uşaqlar arasında seçim aparırlar. Çalışırıq ki, məktəbimizdə futbola məşğul olmaq istəyən, gələcəkdə peşəkar futbolçu yetişməyi qarşısına məqsəd qoyan uşaqlara üstünlük verək”.