Sürixdə president seçkiləri keçirilir

Sürixdə president seçkiləri keçirilir



Fevralın 26-da İsveçrənin Sürix şəhərində FİFA-nın növbədənkənar konqresi keçirilib.
FİFA-da islahatların həyata keçirilməsi üçün paketin müzakirəsi və qəbulu ilə yanaşı, ali futbol qurumuna yeni rəhbərin seçilməsi konqresin gündəliyində əsas məsələ olub. Seçkilərdə FİFA-ya üzv olan 207 milli futbol federasiyasının (Küveyt və İndoneziya istisna olmaqla) nümayəndələri iştirak ediblər.

Seçkidən əvvəl mətbuatda və ekspertlər arasında FİFA prezidenti postu uğrunda əsas mübarizənin favoritlər - UEFA-nın baş katibi Canni İnfantino və İordaniya şahzadəsi Əli bin əl-Hüseyn arasında gedəcəyinə dair məlumatlar yayılıb. Digər namizədlər - Asiya Futbol Konfederasiyasının (AFK) prezidenti Şeyx Salman bin İbrahim əl-Xəlifə, sabiq FİFA baş katibinin köməkçisi Jerom Şampan və Cənubi Afrikadan olan iş adamı Tokyo Seksvalenin şansının az olması ehtimal edilib.

Səsvermədən əvvəl Tokyo Seksvale namizədliyini geri götürüb.

Səsvermənin ilk turunda heç bir namizəd tələb olunan 2/3 səs çoxluğunu (138 səs) əldə edə bilməyib. Canni İnfantino (88 səs) və Şeyx Salman bin İbrahim əl-Xəlifə (85 səs) mübarizəni ikinci turda davam etdirəcəklər. Əli bin əl-Hüseyn (27 səs) və Jerom Şampan (7 səs) favoritlərdən çox geri qalmalarına baxmayaraq, onlar da ikinci turda səsvermədə iştirak edəcəklər. Növbəti turlarda mütləq səs çoxluğu toplayan namizəd prezident seçiləcək.
Konqresdə Azərbaycanı AFFA-nın prezidenti Rövnəq Abdullayev və baş katib Elxan Məmmədov təmsil edirlər.