FİFA-nın 9-cu prezidenti Canni İnfantino 1970-ci il martın 23-də anadan olub. İxtisasasca hüquqşünas olan beynəlxalq futbol qurumunun yeni prezidenti evlidir, üç uşağı var.
Avropa Futbol İttifaqında (UEFA) işləməzdən əvvəl İnfantino Nevşatel universitetinin nəzdində fəaliyyət göstərən beynəlxalq idman tədqiqatı mərkəzinin (CIES) baş katibi, bundan əvvəl isə müxtəlif futbol təşkilatlarında, o cümlədən İsveçrə, İspaniya və İtaliyanın peşəkar liqalarında müşavir vəzifələrində çalışıb.
2000-ci ilin avqustundan UEFA-da idman karyerasını davam etdirən Canni İnfantino qurumun hüquqi və kommersiya məsələləri, həmçinin peşəkar futbol problemləri ilə məşğul olub. 2009-cu ildən UEFA-nın baş katibi postunu tutub. Onu futbol fəaliyyətindən 6 illik uzaqlaşdırılması səbəbindən seçkilərə buraxılmayan Mişel Platininin "sağ əli” də adlandırırlar.
Xatırladaq ki, Canni İnfantino fevralın 26-da FİFA-nın növbədənkənar konqresində 207 milli futbol federasiyasından 115-nin səsini qazanaraq təşkilatın yeni başçısı seçilib.