Rövnəq Abdullayev: "Futbol təhsili, infrastruktur layihələri və kütləviliyin artırılması ilə bağlı fəaliyyətimizdə müəyyən irəliləyişə nail olmuşuq"

Rövnəq Abdullayev: "Futbol təhsili, infrastruktur layihələri və kütləviliyin artırılması ilə bağlı fəaliyyətimizdə müəyyən irəliləyişə nail olmuşuq"

"Hesabat dövrü ərzində ölkəmizdə futbolun inkişafı məqsədilə tətbiq olunan layihələr davam etdirilib. Futbol təhsili, infrastruktur layihələri və kütləviliyin artırılması ilə bağlı fəaliyyətimizdə müəyyən irəliləyişə nail olmuşuq". Olimpnews.az saytının məlumatına görə, bunu AFFA-nın prezidenti Rövnəq Abdullayev federasiyanın növbəti Hesabat-Seçki Konfransındakı çıxışı zamanı deyib.

Rövnəq Abdullayev xüsusən Mərdəkanda inşa olunmuş milli komandaların məşq mərkəzinin istifadəyə verilməsini və Bakı Olimpiya Stadionunda milli komandaların 2 oyununun keçirilməsini qeyd edib: "Bu oyunların birində İtaliya yığması ilə qarşılaşmada ölkəmizin futbol tarixinin azarkeş rekordu da qeydə alındı. Matçı 50 minədək azarkeş izlədi. Bu stadion AFFA-nın balansına verildiyi, bizə etimad göstərildiyi üçün minnətdaram".

AFFA-nın prezidenti ötən mövsüm Azərbaycanın 2 klubunun Avropa Liqasının qrup mərhələsinə yüksəlməsi ilə yanaşı, klublarda maliyyə vəziyyətinin çətinləşməsinin narahatedici olduğunu vurğulayıb: "Hazırda sponsorların axtarışlarını davam etdiririk. Klub menecerlərinin baxışı dəyişməli, klubu futbol təşkilatı kimi işlətməyi bacarmalıdırlar. Bu məsələdə aktiv işləmək lazımdır".

Rövnəq Abdullayev 5-21 mayda Bakıda 17 yaşınadək futbolçular arasında keçiriləcək Avropa çempionatını yüksək səviyyədə təşkil edəcəklərinə əminliyini və Azərbaycanın qitə futbol ailəsində layiqincə yer tutacağını vurğulayıb.