Fazil Əliyev - 65

Fazil Əliyev - 65
Veteran futbolçu, həyatının çox hissəsini futbola həsr etmiş Fazil Əliyevin 65 yaşı tamam olur. Olimpnews.az saytının məlumatına görə, o, ömrünün çox hissəsini idmana həsr edib. 1951-ci il aprelin 25-də Ağcabədinin Hindarx kəndində anadan olan Fazil müəllimin keçdiyi ömür yolu kifayət qədər zəngindir. Futbolla məşğul olmağa orta məktəb illərində başlayan veteran futbolçu doğma komandasının heyətində İmişlidə keçirilən gənclərin Azərbaycan birinciliyində iştirak edib və öz gözəl oyunu ilə məşqçilərin diqqətini çəkib. İstedadlı futbolçu bir müddət sonra "Neftçi”nin əvəzedici komandasının şərəfini qoruyub. 1972-ci ildə Ağdamın "Qarabağ”, 2 il sonra isə "Şəmkir” klubunun heyətində "Qızıl sünbül” kubokunu qazanıb. Moskva, Kişinyov və Daşkənddə təşkil olunan yarışlarda dəfələrlə iştirak edib. Əldə etdiyi nəticələrə görə SSRİ idman ustası fəxri adına layiq görülüb.

Fazil Əliyev 1975-1978-ci illərdə Azərbaycan yığmasında oynayıb. Ağcabədinin "Aran” klubunun yaranmasında müstəsna xidmətləri olan Fazil müəllim burada baş məşqçi vəzifəsini yerinə yetirib. Bundan başqa, o, 2004-2007-ci illərdə Ağcabədinin "Ağ-göl” komandasına rəhbərlik edib. Veteran futbolçu, təcrübəli mütəxəssis 2009-cu ildən AFFA-da hakim-inspektor işləyir.

Veteran futbolçunu 65 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona uzun ömür, cansağlığı və işlərində uğurlar arzulayırıq.