“Lester” tarixində ilk dəfə İngiltərə Premyer Liqasının qalibi oldu

“Lester” tarixində ilk dəfə İngiltərə Premyer Liqasının qalibi oldu

İngiltərənin "Lester” klubu tarixində ilk dəfə Premyer Liqanın çempionu titulunu qazanıb.

Olimpnews.az saytının məlumatına görə, "Lester” Premyer Liqanın başa çatmasına iki tur qalmış London derbisinin – "Çelsi” – "Tottenhem” matçının heç-heçə (2:2) nəticələnməsindən sonra çempion olub. "Lester”in ən yaxın izləyicisi olan "Tottenhem”in xal itirməsi onun çempion olmasını təmin edib. Belə ki, liderlə ikinci yerdə olan komanda arasında artıq 7 xal fərq yaranıb. Bu da hesabında 77 xal olan Klaudio Ranyerinin yetirmələrinin çempion olması üçün kifayət edib.

Qeyd edək ki, Əsası 1884-cü ildə qoyulan klubun indiyədək Premyer Liqada ən böyük uğuru 1928-1929-cu illər mövsümündə ikinci yeri tutmaq olub. "Lester” birinci və ikinci divizionlarda qalib olmaq sevincini yaşayıb. Komandanın əsas titulları üç dəfə Futbol Liqası Kubokunu, bir dəfə isə İngiltərə Superkubokunu qazanması olub.