Bakıda UEFA U-17 Avropa çempionatına start verilib

Bakıda UEFA U-17 Avropa çempionatına start verilib


Bu gün Bakıda 17 yaşadək futbolçular arasında Avropa çempionatı start götürüb. ilk oyun 8-ci kilometr stadionunda "B” qrupu çərçivəsində Avstriya və Bosniya və Herseqovina komandaları arasında keçirilir.
Qitə birinciliyinin final mərhələsində 16 komanda 4 qrupda mübarizə aparacaq. İlk oyun günündə 4 görüş keçiriləcək. A qrupunda yer alan Azərbaycan millisi Portuqaliya yığması ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı Olimpiya Stadionunda açılış mərasimindən sonra baş tutacaq. Mərasim saat 19:30-da, matç isə saat 20:00-da başlanacaq. Görüşün baş hakimi polşalı Bartoş Frankovskidir. Ona macarıstanlı Balaj Buzas və Moldovadan olan Vasili Yermişin kömək edəcək. Qarşılaşmanın 4-cü hakimi litvalı Sergey Slivadır.
Qrupun digər komandaları isə "Bakcell Arena"da üz-üzə gələcəklər. Belçika - Şotlandiya oyunu saat 19:00-da start götürəcək.
Təbriz Həsənovun rəhbərlik etdiyi komanda qrup mərhələsindəki növbəti görüşünü mayın 8-də Belçika, mayın 11-də isə Şotlandiya yığmasına qarşı keçirəcək. Hər iki görüş "Bakcell Arena"da baş tutacaq.
Bu gün, həmçinin B qrupunda Ukrayna - Almaniya, Avstriya - Bosniya və Herseqovina oyunları da keçiriləcək.