U-17 Avropa çempionatını 10-cu pillədə başa vurdu

U-17 Avropa çempionatını 10-cu pillədə başa vurdu

17 yaşınadək futbolçular arasında Azərbaycanda təşkil olunan Avropa çempionatında qrup mərhələsinə yekun vurulub.

Olimpnews.az saytının məlumatına görə, paytaxtımızın dörd stadionunda oynanılan final mərhələsinin 24 matçından sonra 8 komanda 1/4 finala yüksəlib. Digər 8 yığma isə yarışla vidalaşıb.

Tarixində ilk dəfə həlledici raundda çıxış edən Azərbaycan millisi də çıxışını başa vurub. A qrupunda Portuqaliyaya (0:5) uduzan komandamız Belçika ilə heç-heçə (1:1), son görüşdə isə Şotlandiyaya minimal hesabla (1:0) qalib gəlib. Qrupunda üçüncü olan yığmamız yalnız Şotlandiyanı qabaqlayıb. Portuqaliya ilə Belçika isə növbəti mərhələyə yüksəlib.

İtaliya, Fransa kimi yığmalar da çıxışını qrupda dayandırıblar. Qeyri-rəsmi sıralamada qrup üçüncüləri 9-12, autsayderləri isə 13-16-cı yerləri xal və top fərqinə görə öz aralarında bölür. Azərbaycan yığması da üçüncü olan dörd komandadan biridir. Millimiz İtaliya və Bosniya və Herseqovina kimi rəqiblərini arxada qoymağı bacarıb.

Qruplarında üçüncü olan yığmamız və Danimarka digərlərindən çox – dörd xal toplayıb. Amma skandinaviyalilar top fərqinə görə üstün olublar. Portuqaliya ilə debüt matçındakı məğlubiyyət nəticəsində millimiz qeyri-rəsmi sıralamada təkcə Danimarkadan geri qalıb. Bu isə komandamıza Avropada 10-cu olmaq imkanı verib. UEFA-ya daxil olan 54 komandanın mübarizəsində ilk "onluğ”a düşməyin özü də uğurlu nəticə sayıla bilər.

Cəmi bir qələbəsi olan İtaliya və turniri bir xalla tərk edən Fransa kimi ölkələr də komandamızdan daha aşağı pillədə qərarlaşıb. Serbiya, Ukrayna, Şotlandiya kimi yığmalar isə qrup sonuncusu olub. Fransa və Şotlandiya ümumiyyətlə yarışda bir qol belə vura bilməyib. Bir il əvvəl bu yaş qrupunda Fransanın finalda Almaniyanı (4:1) məğlub edib Avropa çempionu olduğunu nəzərə alsaq, bu dəfə çıxış onlar üçün çox uğursuz nəticələnib.