Futzal üzrə dünya çempionatının final mərhələsinin püşkatması ərəfəsində iştirakçı komandalar səbətlərə bölünüb. Olimpnews.az saytının məlumatına görə, sentyabrın 10-dan oktyabrın 1-dək Kolumbiyada baş tutacaq mundialın debütantı olacaq Azərbaycan yığmasının da püşk zamanı qərarlaşacağı səbət müəyyənləşib.
Belə ki, FİFA mayın 19-da, Medelin şəhərində keçiriləcək tədbir ərəfəsində 24 komandanı 4 səbətə bölüb. Bu yığmalar püşklə 6 qrupa bölünəcək.
Hazırda baş məşqçi axtarışında olan Azərbaycan millisi sonuncu səbətdə yer alıb.
Yığmaların səbətlərə hansı prinsiplə paylanılması açıqlanmasa da, bunun komandaların əvvəlki DÇ-lərdə iştirakı ilə bağlı olduğunu söyləmək olar. Çünki Azərbaycan kimi digər debütantlar da sonuncu səbətdə yer alıb. Bunlar Mozambik, Vyetnam, Özbəkistan milliləridi. Axırıncı səbətdə yer alan Qazaxıstan və Kuba isə mundiallarda qrup mərhələsini keçə bilməyənlərdir.
Meydan sahibi Kolumbiya püşksuz A qrupunun 1-ci komandası olacaq. Bu üzdən 1-ci səbətdə 5, digərlərində 6 yığma yer alıb.
Qeyd edək ki, qrup mərhələsində ilk iki yeri tutanlar və 4 ən yaxşı 3-cü yer sahibi 1/8 finala yüksələcək. Mundialın matçları Kali, Medelyin, Bukaramanqa şəhərlərində baş tutacaq.
I səbət: İspaniya, Braziliya, İtaliya, Argentina, Rusiya;
II səbət: İran, Ukrayna, Portuqaliya, Paraqvay, Misir, Kosta-Rika;
III səbət: Solomon adaları, Tailand, Mərakeş, Avstraliya, Panama, Qvatemala;
IV səbət: Kuba, Qazaxıstan, AZƏRBAYCAN, Mozambik, Vyetnam, Özbəkistan.