Mayın 25-də Azərbaycanda futbol üzrə 2015/2016-cı illər mövsümünə yekun vurulacaq. Ölkə kubokunun finalında "Qarabağ” və "Neftçi” klubları münasibətlərinə aydınlıq gətirəcəklər. Olimpnews.az saytının məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq matç saat 20:00-da başlanacaq.

Həlledici mərhələnin son hazırlığı ilə tanış olmaq üçün Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Aslan Şahgəldiyevlə əlaqə saxladıq. O, hazırlıqla bağlı son işlərin getdiyini və azarkeşlərin unudulmayacaq final görüşü izləyəcəklərini vurğuladı: «Azərbaycan kubokunun finalına hazırlığın son mərhələsidir. Biletlər Peşəkar Futbol Liqası tərəfindən hazırlanaraq, "Qarabağ” və "Neftçi” klublarına təhvil verilib. Oyun zamanı 1-13-cü sektorlar "Qarabağ”, 16-28-ci sektorlar isə "Neftçi” azarkeşlərinin ixtiyarında olacaq. Biletlərin satışı klublar tərəfindən Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında təşkil edilir. Demək olar ki, biletlərin hamısı satılıb və finalda anşlaq olacaq. Final oyunundan əvvəl xalq artisti Aygün Kazımova ifasında azarkeşlər gözəl mahnıları dinləyəcəklər. Bundan başqa, finalda azarkeşlərə başqa sürprizlərimiz də olacaq. Matç başa çatdıqdan sonra komandalara medallar və kubok təqdim olunacaq. Sonda meydana toplaşmış azarkeşlər atəşfəşanlığın şahidi olacaqlar».
Ötən il Qəbələdə keçirilən ölkə kubokunun finalında kubok meydana helikopterlə endirilmişdi. Aslan Şahgəldiyevin sözlərinə görə, bəzi məsələlərə görə bu dəfə final mərasiminin ssenarisi fərqli olmayacaq. «Azarkeşlər üçün ancaq konsert proqramı təşkil edəcəyik. Bildiyiniz kimi, Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyü yeni təmirdən çıxıb. Ona görə də finalın proqramında rəqqasların çıxışı olmayacaq. Hətta ot örtüyü korlanmasının qarşısını almaq üçün komandalar son məşqlərini başqa stadionlarda keçirəcəklər. Matçdan bir gün əvvəl isə baş məşqçilər Qurban Qurbanovla Vəli Qasımovun iştirakı ilə mətbuat konfransı təşkil edəcəyik», - deyə PFL-in rəsmisi əlavə etdi.