Mayın 25-də Azərbaycan kubokunun finalı keçirildi. Olimpnews.az saytının məlumatına görə, bu qarşılaşma ilə ölkəmizdə 2015/16-cı illər mövsümünə yekun vuruldu. Ardıcıl 3-cü dəfə ölkə çempionu kimi başa vuran "Qarabağ” "Neftçi” klubu ilə münasibətlərinə aydınlıq gətirdi.
Azərbaycan kuboku
Final
"Qarabağ” - "Neftçi” - 1:0 (0:0, 0:0, 0:0, 1:0)
Qol: Miçel, 119.
"Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Markos Madera, 9. Reynaldo Silva, 10. Dani Kintana, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 97. Mahir Mədətov.
"Neftçi”: 1.Aqil Məmmədov, 26.Kamal Qurbanov, 4.Rahil Məmmədov, 95.Elvin Bədəlov, 3.Jairo, 27.Məqsəd İsayev, 15.Erik Ramos,17.Rəhman Hacıyev, 11.Ruslan Qurbanov, 8.Elşən Abdullayev, 7.Araz Abdullayev (k).
Qırmızı vərəqələr: Reynaldo, 120+1 - Ramos, 120.
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Elman Musayev, Munis Abdullayev.
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ömər Paşayev.
25 may. Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
Matçın əsas vaxtında qol vurulmadı. Əsas maraqlı məqamlar isə baş hakimin əsas vaxta əlavə etdiyi 30 dəqiqədə yaşandı. Xüsusilə, meydana toplaşmış azarkeşlər matçın sonlarında daha çox həyəcan keçirdilər. Hamı oyunun penaltilər seriyasına gedəcəyini gözlədiyi anda «səhnə»yə "Qarabağ"ın futbolçusu Markos Madera çıxdı. Oyunun 119-cu dəqiqəsində sol cinahdan təşkil olunmuş hücum zamanı Ansi Aqollinin ötürdüyü topu Markos başla qapıdan keçirdi. Bundan bir dəqiqə sonra Erik Ramos rəqibə bilərəkdən zərbə vurduğuna görə, qırmızı vərəqə ilə cəzalandırıldı. Ağdamlıların say üstünlüyü cəmi bir dəqiqə çəkdi. Bu dəfə digər cənubi amerikalı Reynaldo Kamal Qurbanovun ayağına bilərəkdən təpik vurdu. Braziliyalı futbolçu qırmızı vərəqə aldıqdan sonra oyun başa çatdı.
Beləliklə, minimum hesabla qələbə qazanan «Qarabağ» klubu mövsümü qızıl dublla başa vurdu.