Komandamız Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində son yoldaşlıq oyununu keçirib. Olimpnews.az saytının məlumatına görə, Robert Prosineçkinin yetirmələri Kanada millisi ilə qarşılaşıblar.
Yoldaşlıq oyunu
3 iyun
Azərbaycan - Kanada - 1:1
Qollar: Nazarov, 57 (pen.) - Akindele, 44.
Hakimlər: Saşa Amhof, Stefan de Almeyda, Vital Yobin, Adrien Jaccottet (hamısı İsveçrə).
Bu, yığma komandamızın toplanış çərçivəsindən üçüncü matçı olub. İlk iki qarşılaşmada qələbə üzünə həsrət qalan yığmamız bu dəfə də sevinə bilməyib. Andorra komandası ilə qolsuz heç-heçə ilə kifayətlənən (0:0) və makedoniyalılara məğlub olan (1:3) təmsilçilərimiz güclü rəqiblə heç-heçə edib.
Matçda hesabı şimali amerikalılar açıblar. Akindele rəqib qapıçı ilə təkbətək qalaraq, qapını dəqiq nişan alıb. İlk hissə bu hesabla başa çatıb. Millimiz ikinci hissədə bu qolun əvəzini çıxıb. Oyunun 57-ci dəqiqəsində cərimə meydançasında Ağabala Ramazanova qarşı kobud oyundan sonra təyin olunmuş penalti zərbəsini Dmitri Nazarov dəqiq yerinə yetirib. Oyunda başqa qol olmayıb. Nəticədə, tərəflər 1:1 hesabı ilə kifayətləniblər.