AFFA 7 kluba lisenziya vermədi

AFFA 7 kluba lisenziya vermədi

AFFA-nın Lisenziya Komissiyasının iclasında klublar tərəfindən təqdim olunmuş sənədlərə baxılıb. Olimpnews.az saytının məlumatına görə, klubların lisenziyalaşdırılması üzrə qaydalara əsaslanmış müzakirələrdən sonra bəzi qərarlar qəbul edilib.

Lisenziya Komissiyasının mayın 16-da keçirilmiş iclasında növbəti mövsümdə Premyer Liqa yarışlarında iştirak etmək məqsədilə lisenziya üçün müraciət etmiş, lakin tələb olunan sənədləri tam həcmdə təqdim etməmiş klublara sənədlərin tamlığını təmin etmək üçün əlavə olaraq 14 gün vaxt verilmişdi.

İclasdan sonra "Bakı”, "Xəzər Lənkəran”, "Qaradağ Lökbatan”, "Neftçala”, "Şərurspor”, "Turan Tovuz” və "Zaqatala” klublarına 2016-17-ci illər mövsümündə Premyer Liqa yarışlarında iştirak etmək üçün lisenziya verilməməsi qərara alınıb. Lisenziya iddiaçısı lisenziya ilə bağlı imtina barədə verilmiş bildiriş tarixindən etibarən 10 gün müddətində AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə apellyasiya şikayəti verə bilər.
Lisenziyalaşdırma Qrupu tərəfindən hazırlanmış hesabat AFFA rəhbərliyinə təqdim olunub. Mövcud vəziyyətlə bağlı yaxın zamanda İcraiyyə Komitəsinin iclasının keçirilməsi və müvafiq müzakirələrin aparılması nəzərdə tutulub.

Xatırladaq ki, 16 may tarixində qəbul olunmuş qərara əsasən AZAL, "Kəpəz", "İnter", "Qarabağ", "Qəbələ", "Neftçi", "Sumqayıt” və "Zirə” klublarına gələn mövsüm Premyer Liqa yarışlarında iştirak etmək üçün lisenziya verilib.