Bir neçə gündən sonra Fransada Avropa çempionatına start veriləcək. Olimpnews.az saytının məlumatına görə, bununla bağlı UEFA-nın rəsmi saytı İsveç millisinin kapitanı Zlatan Ibrahimoviçdən müsahibə alıb. 4-cü dəfə qitəmiqyaslı turnirdə iştirak edən Zlatan komandasının final mərhələsindəki şanslarını dəyərləndirib.
- EURO-2016-nın final mərhəsinin başlamasına bir neçə gün qalıb. Lideri olduğunuz İsveç millisi E qrupunda İrlandiya, Belçika və İtaliya kimi güclü yığmalarla mübarizə aparacaq. Maraqlıdır, qrupdan çıxmaq şansınızı necə qiymətləndirirsiniz?
- Həqiqətən, çox maraqlı və güclü qrupa düşmüşük. Mən İtaliya çempionatında oynamışam. Bilirəm ki, həmin ölkədə güclü futbolçuların sayı çoxdur. İtalyanlara qarşı mübarizə aparmaq bizim üçün çətin olacaq. Belçika yığması son zamanlar adından söz etdirərək, dünyanın top komandaları sırasına daxil olub. Komandanın heyətində kifayət qədər fərdi potensiala malik futbolçular var. Onların çatışmayan cəhəti son zamanlar dünya və Avropa çempionatlarında medal qazana bilməmələridir. Əslində belçikalılar bu nəticələri qazanmaq gücündədirlər. Irlandiya yığması ilə matç da çətin olacaq. Biz son zamanlar onlarla 2 dəfə qarşılaşmışıq. Bu, DÇ-2014-də olub. Sözsüz ki, bu oyunda da 3 xal qazanmaq bizə çətin olacaq.
- 4-cü dəfə Avropa çempionatının final mərhələsində oynayacaqsınız. Bu turnir sizin üçün hansı mənanı kəsb edir?
- Öz ölkəmi qitəmiqyaslı turnirdə kapitan kimi təmsil etmək mənim üçün böyük əhəmiyyət daşıyır. Xüsusilə, bu yarışın Fransada təşkil olunması ikiqat bayram hesab etmək olar. Çünki Fransa çempionatında iştirak etdiyimə görə, oranın ab-havasına yaxşı bələdəm. İnanıram ki, İsveç millisini şərəflə təmsil edəcəm. Əlimdən gələni edəcəm ki, isveçlilər Fransanı yüksək əhval-ruhiyyədə tərk etsinlər. İsveç yığması finala vəsiqə qazansa, bu, bizim üçün böyük nəticə olacaq. Təsəvvür edin ki, həlledici oyundan əvvəl komandamız eyni cərgədə durub finalın başlanmasını gözləyir. Bu, təsəvvür edə bilməyəcəyim qədər qürurverici an ola bilər. Komandam üçün həmişə əlimdən gələni etmişəm. İnanıram ki, bu dəfə də gənc futbolçularla bunu təkrarlayacayıq. Meydanda olduğum müddətdə azarkeşlərə xoşbəxtlik, sevgi və enerji dolu anları yenidən yaşatmağa çalışacağam.
- Gənc yaşında sizə kim stimul verirdi?
- Futbol mənim üçün bir ehtirasdır. Çalışıram ki, göstərdiyim oyunla azarkeşlərin qəlbində və futbol tarixində qalım. Futbol oynayan zaman bir neçə yerdən ilham alıram. Məsələn, dostlarımdan, güclü klublarda oynayan məşhur futbolçulardan. Oyun zamanı nəsə yaxşı bir şey görəndə çalışıram onu təkrarlayım. Hətta ondan yaxşısını da etməyə çalışıram. İndiki vaxtda mənim üzərimə çox iş düşür. Çünki komandanın kapitanıyam. Azarkeşlər məndən yalnız yaxşı çıxış və xallar gözləyirlər. Məncə, bundan böyük heç nə ola bilməz.
- Maraqlıdır, göstərdiyiniz gözəl oyunlar sizə bir azarkeş kimi necə təsir edir?
- Düşünürəm ki, hər il daha da yaxşı çıxış etməyə başlayıram. Bu müddət ərzində çoxlu nailiyyət və medallara sahib olmuşam. Bayaq dediyim kimi, öz oyunumla azarkeşlərə sevgi və xoşbəxtlik bəxş etməyə çalışıram. Məhz əsas istədiyim də budur. Həmişə pozitiv olun (gülür).
Tərcümə etdi:
Ramil Abbasov