
Bu gün bütün dünyanın diqqəti Fransada keçiriləcək futbol üzrə Avropa çempionatı yönələcək. Olimpnews.az saytının məlumatına görə, 15-ci dəfə təşkil olunan qitə turnirində ilk dəfə olaraq 24 komanda mübarizə aparacaq. Fransa artıq 3-cü dəfədir ki, analoji çempionata ev sahibliyi etmək hüququna yiyələnib. Belə ki, Avropanın ən güclü komandaları bu ölkədə 1960-cı və 1984-cü illərdə bir araya gəliblər. Fransanın üçüncü dəfə Avropa çempionatına ev sahibliyi etməsi onlara heç də asan başa gəlməyib. Namizəd ölkələr arasında Norveç-İsveç (birlikdə), Şotlandiya-Uels (birlikdə), İrlandiya və Rusiya kimi ölkələr yer alsalar da, sonradan həmin ölkələrin ərizələri qəbul olunmayıb. Buna səbəb həmin ölkələrin maliyyə vəziyyətinin aşağı olması, ölkə əhalisinin narazılıqları, bu ölkələrin korrupsiyada ittiham olunması və s. göstərilir. Rusiyanın namizədliyinin qeydə alınmaması isə analoji turnirin ardıcıl olaraq Şərqi-Avropada keçirilməsinə zidd olması ilə bağlı olub. Fransa bu estafetdə iki böyük rəqiblə üz-üzə gəlib. Avropa çempionatına iki dəfə ev sahibliyi edən İtaliya (1968, 1980) və son dövrlərdə güclü infrastruktura malik olan Türkiyə ilə mübarizədə onlara qalib gəlməsi lazım idi. Fransızlar bunun öhdəsindən çətin də olsa gəldilər. İki mərhələdən ibarət səsvermənin birinci raundunda 43 səs toplayan Fransa ən yaxın izləyicisi Türkiyəni 5 səs qabaqlaya bilib. İtaliya isə liderdən xeyli geridə qalıb. İkinci mərhələdə Türkiyə Fransadan cəmi bir səs geri qalaraq, EURO-2016-ya ev sahibliyini əldən verib.
Fransanın ev sahibliyi təsdiqləndikdən sonra Avropanın 54 yığma komandası final uğrunda yarışlara başlayıblar. 2014-cü il sentyabrın 7-dən başlayan mübarizə ötən ilin noyabrın 17-də sona çatıb. Bu müddət ərzində 268 qarşılaşma təşkil olunub ki, həmin görüşlərdə qapılardan ümumilikdə 700 top (hər oyuna orta hesabla 2,61 top) keçib. Ən çox qol vuran futbolçu isə polşalı Robert Levandovski olub (13 qol).
Fransanın bu çempionata hazır olduğuna şübhə etməyə dəyməz. Avropa və dünya çempionatı keçirmək təcrübəsinə malik olan qərbi avropalılar turnir üçün 10 stadion seçib. Açılış və final görüşünü isə paytaxt Parisin mərkəzində, Sent-Denis kommunasında yerləşən möhtəşəm "Stad-de Frans” stadionunda keçirmək nəzərdə tutulub.

15-ci Avropa çempionatının final mərhələsinə vəsiqə əldə edən 23 komanda və ev sahibi Fransa (təşkilatçı ölkə birbaşa vəsiqə əldə edib) arasında favoritlər kifayət qədərdir. Çox təəssüf ki, "total” futbolun yaradıcıları olan hollandlar çempionatdan kənarda qalıblar. Həmin yığma komandaların arasında meydan sahiblərinin imkanları yüksək qiymətləndirilir. Öz oyunu ilə diqqətçəkən, reytinqlərdə güclü rəqiblərini zirvədən endirən Belçika, son Avropa çempionu İspaniya, yorulmaq bilməyən Almaniya, daim yaşlı futbolçuların imkanlarından yararlanan İtaliya, qeyri-stabil İngiltərə yığmalarının bu yarışda qalib olması mümkündür. Amma unutmaq olmaz ki, bu futboldur. Bu idman növündə hər an gözlənilməz nəticələr qeydə alınır. Ola bilər ki, 12 il əvvəlki kimi gözlənilməz komanda bu kuboka yiyələnsin. Hazırda bu turnirin final mərhələsində iştirak etməyən Yunanıstan millisi kimi.