İyunun 19-da Avropa çempionatının qrup mərhələsində sonuncu tura start verilib və Fransa yığması İsveçrə, Albaniya millisi isə Rumıniya ilə qüvvəsini sınağa çəkəcək.
"Olimpnews.az” xəbər verir ki, A qrupunun taleyini həll edəcək hər iki oyun eyni vaxtda, yəni saat 23.00-da start götürəcək.
Artıq 1/8 finalı təmin etmiş Fransa son matçda da qalib gəlməklə qrupu lider kimi tamamlamaq istəyir. "Saatlar ölkəsi"nin təmsilçiləri meydan sahibləri ilə oyunda qələbə qazanaraq mərhələni adlamaq niyyətindədirlər. Didye Deşamın yetirmələrinə liderlik üçün bərabərlik də bəs edəcək.
Günün paralel keçiriləcək digər oyununda isə Rumıniya və Albaniya milliləri münasibətlərinə aydınlıq gətirəcəklər. Albaniya millisinin cüzi də olsa şansı var. Belə ki, qartallar ən yaxşı 3-cü olmaq üçün mütləq qalib gəlməli və digər oyunların nəticəsini gözləməli olacaq.
Rumıniya yığmasının isə mərhələ adlamaq imkanları nisbətən daha realdır. Belə ki, Yordaneskunun yetirmələri Albaniyaya qalib gəlsə və Fransa da İsveçrəni məğlub etsə, top fərqinə görə hətta ikinci yerin sahibi kimi də 1/8 finala adlaya bilər. Qalib gələcəyi halda Rumıniyanın ən yaxşı üçüncü olmaq şansı daha çoxdur.