Çingiz Həşimov: “Həyatımı idmansız təsəvvür etmirəm”

Çingiz Həşimov: “Həyatımı idmansız təsəvvür etmirəm”

Uzaq keçmişə nəzər salanda görürük ki, Azərbaycan futbolunda, xüsusilə, SSRİ dövründə bir sıra futbolçu və idman mütəxəssisləri yetişib. Həmin mütəxəssislər həm paytaxtda, həm də bölgələrdə fəaliyyət göstərirlər. Bunlardan biri də Çingiz Həşimovdur. Belə ki, 70 illik yubileyini qeyd edən Çingiz müəllimin ölkəmizdə futbolun inkişafında xidmətləri vardır. Yubiley ərəfəsində Çingiz Həşimovdan müsahibə aldıq. O, ötən ilin xatirələrini bir daha vərəqləyərək idman karyerasını yada saldı.


- Çingiz müəllim, özünüz barəsində oxucularımıza məlumat verərdiniz.

- 1946-cı il iyulun 11-də Masallı şəhərində anadan olmuşam. 1965-ci ildə "Lokomotiv” idman cəmiyyətinin futbol üzrə yığma komandasının üzvü olmuşam, komandanın heyətində respublika və SSRİ birinciliklərində iştirak etmişəm. "Neftçi” klubunun əvəzedici heyətində oynamışam və Masallı yığmasında fəal futbolçu olmuşam. Bundan başqa, "Xəzər” (Lənkəran) və "Daşqın” kimi klublarda çıxış etmişəm. 1970-ci ildə Masallı rayonunun "Məhsul” Kənd Könüllü İdman Cəmiyyətində, 1974-1978-ci illərdə isə həmin rayonun Təhsil Şöbəsinin nəzdindəki idman məktəbində məşqçi-müəllim işləmişəm. 1979-1981-ci illərdə Masallı rayon Bədən Tərbiyəsi və İdman Komitəsinin, 1986-2014-cü illərdə isə həmin rayonun "Məhsul” Kənd Könüllü İdman Cəmiyyətinin sədr vəzifələrində çalışmışam.

- Hüquqşünas ailəsində böyümüsünüz. Maraqlıdır, bəs idmana maraq haradan yaranıb?

- İdmanı seçməkdə atam köməklik edib. O, adımı futbol bölməsinə yazdırıb. Mənim 7 yaşım olanda Masallıda stadion yenicə tikilirdi. Həmin vaxtlar futbolda çətin dövrlər olub. Sonradan isə şərait yaxşılaşdıqca futbolla daha intensiv məşğul olmağa başlamışam. 1959-cu ildə Bakıdakı internat məktəbinə daxil olmuşam. Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Cavanşir Qurbanovla eyni sinifdə oxumuşuq. O, güləşi, mən isə futbolu seçdim. Sonradan isə "Lokomativ” idman cəmiyyətinə dəvət olundum.



- O vaxt bütün futbolçuların arzusu "Neftçi” klubuda çıxış etmək idi. Siz komandanın əvəzedicilərində oynamısınız. Bu amil futbol karyeranıza necə təsir edib?

- "Lokomotiv”in heyətində yoldaşlıq matçında meydana çıxmışdım. Yadımdadır, həmin oyunu "Neftçi”nin baş məşqçisi Əhməd Ələsgərov da izləyirdi. O, komandamızın heyətində 3 futbolçunu bəyənib "Neftçi”nin əvəzedicilərinə dəvət etdi. Bəyənilən futbolçular arasında mənimlə yanaşı, Ağa Ağayev və Gündüz Cəfərovun adı var idi. 3 il ərzində fasilələrlə "Neftçi”də çıxış etmişəm. Əlbəttə, həmin dövrlərdə "Neftçi”nin heyətinə düşmək çox çətin idi. Amma bu komanın əvəzedicilərində oynamaq mənə gələcək karyeramda stimul oldu.

- SSRİ dövrünün uşaq futbolu ilə indiki uşaq futbolu arasında fərqi çox böyükdür?

- Həqiqətən də, fərq çoxdur: həm infrakstruktur, həm də kütləvilik baxımından. Uşaqların məhəllə yarışlarına həvəsləri azalıb. Amma o vaxtlar uşaqlar məhəllə turnirlərində iştirak etmək üçün rayonlardakı yarışlara gedirdilər. Yeri gəlmişkən, 1983-1987-ci illərdə "Viləş” klubunun baş məşqçisi olmuşam. Komanda 3 dəfə "Qızıl Sünbül” mükafatına layiq görülüb (1977-ci, 1978-ci və 1983-cü illər). Həmin vaxtlar klubumuzda uşaq futboluna diqqət yüksək səviyyədə idi. İndi isə klub yalnız həvəskarlar liqasında iştirak edir.



- Yeri gəlmişkən, buyaxınlarda 70 illik yubileyinizi keçirəcəksiniz. Maraqlıdır, geriyə baxanda sizdə hansı təəssüratlar yaranır?

- Şirinli, acılı günlər insan ömründə silinməz izlər qoyur. Həqiqən gözəl günlərim çox olub. Həyatımı idmansız təsəvvür etmirəm. Futbol və məşqçi karyeralarımı uğurlu hesab etmək olar. Göstərdiyim nəticələr dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Azərbaycanın "Fəxri Bədən tərbiyəsi işçisi” adına layiq görülmüşəm.


- Bu illər ərzində idmanla bağlı yadda qalan hadisə kimi nəyi qeyd etmək olar?

- "Qızıl Sünbül” mükafatına layiq görüldüyümüz anlar həmişə yadımdadır. O illəri xoş xatirə kimi daim yada salıram. Asəf Əlizadə, Qəhrəman Əliyev və Alay Bəhramov kimi yetişdirdiyim futbolçular "Neftçi” klubunun heyətinə dəvət olunublar. Bunları düşünəndə insanda xoş hisslər yaranır. Mənim hər iki oğlum futbolla məşğul olurlar. Yavər və Akşin Həşimov qardaşları aşağı yaş qruplarından ibarət mili komandaya da dəvət olunublar.

- Qəzetimizin kollektivi və çoxsaylı oxucuları adından 70 illik yubiley münasibəti ilə Sizi təbrik edir, uzun ömür və can sağlığı arzu edirik.

- Çox sağ olun!