Rövnəq Abdullayev: "Qəbələdə 8 klubun iştirakı ilə böyük turnir keçirəcəyik"

Rövnəq Abdullayev: "Qəbələdə 8 klubun iştirakı ilə böyük turnir keçirəcəyik"

Bu gün Peşəkar Futbol Liqasının prezident seçkiləri keçirilib. Yeganə namizəd olan Ramin Musayevin qarşıdakı 4 il ərzində bu vəzifədə qalması təsdiqlənib. Olimpnews.az saytının məlumatına görə, AFFA prezidenti Rövnəq Abdullayev iclasdan sonra təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.

- Əvvəlcə iclas haqqında fikirlərinizi öyrənək.

- Bu gün PFL-in ötən 4 ildəki işinə qiymət verildi. Seçkilər oldu və Ramin Musayev bu vəzifəyə yenidən seçildi. Çətin də olsa, PFL-lə birlikdə yüksək səviyyədə çempionat keçirmişik. Ən əsası, ədalətli təşkilatçılıq, eyni zamanda ədalətli hakimlik olub. Hakimliyin keyfiyyətini yüksəltmək üçün işlər görürük. Onlar hər il ən yüksək səviyyədə 2 toplanış keçirlər. Mən PFL-ə tövsiyələrimi verdim. Gələn ilin may ayında Qəbələdə 8 klubun iştirakı ilə böyük turnir keçirəcəyik. İstəyirik gözəl turnir keçirək, mükafat fondu qoyaq. AFFA-nın İcraiyyə Komitəsinin qərarına görə, mövsümün sonunda, ən azı, 4 komanda lisenziyaya cavab versin ki, Premyer Liqaya keçə bilsin. İstəyirik, növbəti mövsüm azı, 10 komandalı çempionat keçirək.

- Təkcə Ramin Musayevin namizəd olacağını gözləyirdiniz?

- Gözləyirdim. İlk dəfədir ki, avrokubokda 3 klubumuz normal oyun göstərdi. Hamısına uğurlar arzu edirik. Uğurları davam etsin, bizə də futbol bayramı qismət olsun.

- AFFA və PFL prezidentliyinə namizəd olmaq üçün cəsarətdən başqa nə lazımdır?

- Bu, böyük cəsarət tələb etmir. Mən istərdim ki, alternativ olsun. Belədə seçkilər daha maraqlı keçər. Namizədliyini verən yoxdusa, mən nə edə bilərəm?

- Hakimlərimiz son toplanışı ölkə daxilində keçirdilər. Bunun səbəbi nə oldu?

- Hakimlərimiz yayda Bolqarıstana gedəcəklər. Qışda hava ilə bağlı getmirlər. Üstəlik, həmin vaxt komandalar da olmur.

- Xaqani Məmmədovun yerinə nə zamansa namizəd olacaq?

- Hakimlərin səhvində Xaqani Məmmədov günahkardısa, gəlin, onun başını kəsək. Avropa çempionatında hakim səhvləri olur, onları güllələmək lazımdır? Yoxsa, UEFA-nın Hakimlər Komitəsinin sədri Pyerluici Kollinanı? Əsas odur ki, hakimlər qərəzli olmasınlar. Qərəzli idarəçilik artıq yoxdur. Mərc oyunları Avropada baş alıb gedir. Gülməli şeylərə pul qoyuluşu edilir. Bizdə belə hal olsa, həmin şəxs məsuliyyətə cəlb olunmalıdır.