Avro-2016: finalçılar bəlli oldu

Avro-2016: finalçılar bəlli oldu



İyulun 6-da Fransada futbol üzrə Avropa çempionatının ilk yarımfinal matçı oynanılıb.
Finala gedən yolda Portuqaliya ilə Uels milliləri üz-üzə gəliblər. Bu görüş, bir növ Kriştianu Ronaldo – Qaret Beyl dueli kimi də qələmə verilib.

Lion şəhərindəki "Stad de Lyumer"də təşkil olunan oyunun ilk hissəsində hesab açılmayıb.
Yarımfinala qədər hələ heç bir qarşılaşmanı əsas vaxtda qalib tamamlaya bilməyən portuqaliyalılar ikinci hissədə istəklərinə nail olublar. Matçın 50-ci dəqiqəsində Kriştianu Ronaldo hesabı açıb. Üç dəqiqə sonra Nani ikinci topu Uels millisinin qapısından keçirib. Hər iki komandanın cəhdinə baxmayaraq oyunun sonunadək hesab dəyişməyib.

Beləliklə, görüş Portuqaliya millisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb və komanda tarixində ikinci dəfə Avropa çempionatının finalına yüksəlib.
Portuqaliya - Uels matçında fərqlənən "Real Madrid”in ulduz futbolçusu Kriştianu Ronaldu Avropa çempionatlarında 9-cu qoluna imza atıb. Bununla da o, əfsanəvi Mişel Platinini qabaqlayaraq mütləq rekorda sahib olub. Keçmiş fransız futbolçu qitə birincilikləri tarixində 8 qola imza atıb.

Ikinci yarımfinal oyununda isə Almaniya və Fransa komandaları qarşılaşıblar. İyulun 7-də keçirilən matç ikincinin qələbəsi ilə başa çatıb – 2:0.
Qarşılıqlı hücumlar şəraitində keçən görüşün birinci hissəsinə əlavə edilmiş ikinci dəqiqədə Fransa yığmasının üzvü Antuan Qrizman 11 metrlik cərimə zərbəsi ilə hesabı açıb. Matçın birinci hissəsi bu hesabla başa çatıb,- 1:0.

Qarşılaşmanın ikinci hissəsində Qrizman özünün və komandasının ikinci qoluna imza atıb. Bu dəfə o, almaniyalı qapıçı Manuel Noyerin kobud səhvindən sonra topu "bundestim”in qapısından keçirib.
Beləliklə, görüş Fransa millisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb və komanda finala yüksələrək Portuqaliyanın rəqibi olub.

Final görüşü iyulun 10-da Parisin "Stad de Frans” stadionunda keçiriləcək.