
İyulun 10-da futbol üzrə XV Avropa çempionatına yekun vurulub. Olimpnews.az saytının məlumatına görə, "Stade de Frans” stadionunda keçirilən Portuqaliya - Fransa matçından əvvəl möhtəşəm şou nümayiş etdirilib. Möhtəşəm şoudan sonra həlledici görüşə start verilib. Matçı ingiltərəli Mark Klattenburqun rəhbərlik etdiyi hakimlər briqadası idarə ediblər.
Final
Matç 51. Portuqaliya - Fransa - 1:0 (əlavə vaxtda)
Qol: Eder, 109.
Portuqaliya: 1. Rui Patrisio, 3. Pepe, 4. Joze Fonte, 5. Rafael Gerrero, 7. Kristiano Ronaldo (k) (20. Rikardo Quaresma, 25), 10. Joa Mario, 14. Villiam Karvalyo, 16. Renato Sançes (9. Eder, 79), 17. Nani, 21. Sedrik, 23. Adrien Silva (8. Joa Moutinyo, 66).
Fransa: 1. Hüqo Lloris (k), 3. Patris Evra, 7. Antuan Qrizmann, 8. Dimitri Payet (20. Kinqsli Kuman, 58), 9. Oliver Jiru (10. Andre-Pyer Jinyak, 78), 14. Blez Matuidi, 15. Pol Poqba, 18. Moussa Sissoko (11. Antoni Martial, 110), 19. Bakari Sanya, 21. Loren Koselni, 22. Samuel Umtiti.
10 iyul. Sent-Denis. "Stad de Frans” stadionu. 75 868 tamaşaçı.
Matçın ilk hissəsində hesab açılmayıb. Halbuki fransız ərazi üstünlüyünə malik olsalar da, bundan lazımınca istifadə edə bilməyiblər. Birinci hissədə ən yaddaqalan hadisə isə Portuqaliya yığmasının kapitanının zədələnərək meydanı tərk etməsi olub. Oyunun 25-ci dəqiqəsində Kristiano Ronaldonu Rikardo Quaresma əvəzləyib.
Fasilədən sonra da Fransa millisi daha çox hücum edən tərəf olub. Lakin Portuqaliya millisinin qapıçısı Rui Patrisionun inamlı oyunu nəticəsində fransızlar qol vura bilməyiblər. Oyunun son saniyələrində isə fransızların heyətində Andre-Pyer Jinyakın vurduğu zərbə qapı dirəyinə dəyib.
Oyunda qalibi müəyyən etmək üçün iki 15 dəqiqədən ibarət əlavə vaxt oynanılıb. İlk 15 dəqiqədə qapılara qol vurulmayıb. Son 15 dəqiqəyə Portuqaliya millisi hücumlarla başlayıb. Nəticədə matçın 109-cu dəqiqəsində portuqalların heyətində Eder fərqlənib. Onun uzaq məsafədən vurduğu top rəqib qapıçı üçün qarşısıalınmaz olub. Qoldan sonra fransızlar hücumlara atılsalar da, bu, heç nəyi dəyişməyib.
Beləliklə, Portuqaliya yığması tarixində ilk dəfə olaraq Avropa çempionu olub. Oyundan sonra qalibin mükafatlandırılması mərasimi keçirilib. Gümüş medallar Fransa yığmasının üzvlərinə təqdim edilib. Sonra kürsüyə Portuqaliya millisinin üzvləri çıxıblar. Qızıl medallar və Avropa çempionatının kuboku qalib komandaya təqdim edilib.
Qeyd edək ki, Fransa millisinin üzvü Qrizman 6 qolla çempionatın bombardiri olub.