Çempionlar Liqası: “Qarabağ” oyunun taleyini ilk hissədə həll etdi

Çempionlar Liqası: “Qarabağ” oyunun taleyini ilk hissədə həll etdi

Bu gecə UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinə start verilib. Olimpnews.az saytının məlumatına görə, Azərbaycan çempionu "Qarabağ” da bu mövsüm avrokuboklarda ilk oyununu keçirib. Rəqib Lüksemburq çempionu "Düdelanj" klubu olub.

Matça hücumlarla başlayan Ağdam təmsilçisi hesabı açan tərəf olublar. Oyunun 10-cu dəqiqəsində sürətlə cərimə meydançasına girən Riçard Almeydayanı rəqib müdafiəçilər kobudluqla dayandırıblar. Almeyda təyin olunan penalti zərbəsini dəqiq yerinə yetirib.

Qoldan sonra hücumlarını davam etdirən təmsilçimiz növbəti qolla stadiona toplaşmış azarkeşlərimizi sevindiriblər. Bu dəfə də Almeyda diqqət mərkəzinə düşüb. sağ cinahdan təşkil olunmuş hücum zamanı Daninin ötürdüyü topu braziliyalı futbolçu qapıya vurub - 2:0. İlk hissədə daha bir neçə qol vəziyyəti olsa da, hesab dəyişməyib.

İkinci hissə çox sönük keçib. Qələbə hesabını qorumağa çalışan ağdamlılar hücum etməkdə o qədər də maraq göstərməyiblər. Rəqibin isə təmsilçimizə təzyiq etməyə sadəcə gücü çatmayıb.

Matçda başqa qol olmayıb və oyun 2:0 hesabı ilə təmsilçimizin xeyrinə başa çatıb.

UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi, ilk oyun

"Qarabağ” (Azərbaycan) – "Düdelanj” (Lüksemburq) - 2:0
Qollar: Almeyda, 10 (pen.), 27.

"Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel Madera, 10. Muarem Muarem, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 99. Dani Quintana.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 9. Reynaldo, 15. Rahid Əmirquliyev, 18. İlqar Qurbanov, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 91. Coşqun Dinyev.

"Düdelanj”: 1. Hubert, 5. Şnell, 8. Pokar, 9. Da Mota, 19. Dikaba, 21. Ştolz, 25. Nakaçe, 26. Prempe, 27. Melisse, 29. Malget, 77. Turpel.
Ehtiyat oyunçular: 33. Frizinq, 2. Moreyra, 7. İbrahimoviç, 10. Benayba, 22. Stelvio Da Kruz, 30. Laurentie, 99. Ndaye.
Hakimlər: Orel Qrinfild, Danni Krasikov, İdan Yarkoni, Menaşe Masiah (hamısı İsrail).
Hakim-inspektor: Zdravko Yokiç (Serbiya).
UEFA nümayəndəsi: Vladimir Çorno (Ukrayna).
12 iyul. Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.