
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda "Qarabağ” "Düdelanj” klubunu 2:0 hesabı ilə məğlub etdi. Olimpnews.az saytının məlumatına görə, matçdan sonra "Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.
- Oyun haqda fikirlərinizi bilmək istərdik.
- Rəqib bizimlə oyuna ciddi hazırlaşmışdı. İlk hissədə qolları vaxtında vurduq. Amma ikinci hissədə tam olaraq istədiyimizi edə bilmədik. Bu komandada alman nizam-intizamı var. Məğlub olsalar da, sona qədər mübarizə apardılar. Bizim üçün çətin rəqibdilər. Fiziki cəhətdən güclü oyunçuları çoxdur. Səfərdəki stadionun durumunun necə olduğunu bilmirik. Bu qələbəyə görə isə futbolçularımı təbrik edirəm. Biz də öz oyun intizamımızdan əl çəkmədik. Belə komandalara top versək, bizim üçün daha çətin olar. İlk hissədə bir neçə əks-hücum qurdular. Çalışmalıyıq ki, cavab oyununda da səhvsiz oynayaq və növbəti mərhələyə adlayaq.
- İkinci hissədə bir qədər tempi aşağı saldınız. Bu, sizin tapşırığınız idi?
- Yox, futbolçulara belə tapşırıq verilməmişdi. Komanda optimaı formasından hələ uzaqdır. Tam forma yığmaq üçün bir neçə oyun keçirməyimiz lazımdır. Rəqibin intizamından əl çəkməməsi bizi oyunun tempini aşağı salmağa məcbur etdi. Hücumlarımızı istədiyimiz kimi qura bilmirdik. Amma yenə də tələsmədən qolumuzu axtarırdıq. Bu elə bir turnirdir ki, iki oyunun nəticəsinə görə qalib müəyyənləşir. Odur ki, səbrli olmaq lazımdır.
- "Qarabağ”ın 3 futbolçusu bu gün sarı vərəqə aldı. Bu rəqəm çox deyilmi?
- Düz qeyd etdiniz. Yadıma gəlmir ki, son vaxtlar bu qədər sarı vərəqə nə vaxt almışıq? Ancaq buna rəqibin oyunu məcbur etdi. Rəqibin əks-hücumunun qarşısını almaq istəyərkən sarı vərəqələr aldıq.
- Əlhərbi Jadeyui və Arif Daşdəmirova bu gün şans verməməyinizin səbəbi nə idi?
- Mənim imkanım olsa, hamıya şans verərdim. Bütün oyunçular, həmçinin Ariflə Əlhərbi oynamağa layiq idilər. Bu turnir elədir ki, burada tez-tez oyunçu dəyişikləri olur. Gələn matçda ola bilsin, digər futbolçulara da şans verdim.
- Cavab oyununda bu rəqibin "Qarabağ”a 3 qol vurması realdımı?
- Futbol bu gün elə bir səviyyəyə gəlib çatıb ki, hər bir nəticəni gözləmək lazımdır. Futbolçulara həmişə "Gefle” – "Olimpiakos” matçını misal gətirirəm. Rəqibin oyun üslubu elədir ki, bizə 2 qol vura bilərlər. Əlbəttə ki, biz meydana arxayın çıxsaq. İnşallah, bu olmaz. Biz uşaqları səfər görüşündə də qalib gəlmək üçün motivasiya edəcəyik. Futbol elə bir oyundur ki, sürpriz nəticələrlə doludur. İnşallah, bu bizdən uzaq olar. Çox ehtiyatlı olmalıyıq.
- Üçüncü mərhələdəki potensial rəqiblərinizə nəzər yetirmisiniz?
- Xeyr, nəzər yetirməmişəm. Üçüncü mərhələdə oynamaq üçün əvvəlcə bu mərhələni keçməliyik. Mən diqqətimi "Düdelanj”la keçiriləcək cavab matçına yönəltmişəm.
Rahib Səmədov