Dino Topmöller: "“Qarabağ” ilk 15 dəqiqədə yaxşı oyun göstərdi" - MÜSAHİBƏ

Dino Topmöller: "“Qarabağ” ilk 15 dəqiqədə yaxşı oyun göstərdi" - MÜSAHİBƏ

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda "Qarabağ” "Düdelanj” klubunu 2:0 hesabı ilə məğlub etdi. Olimpnews.az saytının məlumatına görə, matçdan sonra "Düdelanj” klubunun baş məşqçisi Dino Topmöller mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.


- Matç haqda nə deyə bilərsiniz?

- Ağır oyun oldu. Belə olacağını gözləyirdik. Xüsusən, "Qarabağ” ilk 15 dəqiqədə yaxşı oyun göstərdi. Bizi təzyiq altında saxladılar. İkinci hissədə daha yaxşı oynadıq. "Qarabağ”a qol imkanı vermədik. Oyunu demək olar ki, bərabərləşdirmişdik.

- Lüksemburq çempionunun gücü bu idi?

- Düzdür, futbolda pul hər şey demək deyil, amma yaxşı futbolçu müəyyən məbləğ qarşısında cəlb olunur. Pis mübarizə aparmadıq. Komandalar arasındakı fərqi nəzərə alsaq, düzdür, hesab bizim üçün yaxşı deyil. Evdə də "Qarabağ”ı məğlub etmək çətin olacaq. Amma mən futbolçularımdan məmnunam. Başımız dikdir.

- "Qarabağ”ın ilk dəqiqələrdəki təzyiqini sizin taktiki gedişinizlə bağlamaq olar?

- Bunun da rolu var idi. Amma birinci hissə ilə müqayisədə ikinci hissədə dəyişikliklər etdik. Müəyyən taktiki dəyişikliklər etdik. İkinci hissədə rəqibə çoxlu qol imkanı vermədik.

- Oyundan əvvəl komandanızın növbəti mərhələyə şansını saxlayacaq hesabın sizi qane edəcəyini demişdiniz. 0:2 hesablı məğlubiyyət sizi qane edən hesabdır?

- Futbol hər nəticəyə açıqdır. Çalışacağıq ki, cavab matçına yaxşı hazırlaşaq. Bizim üçün çətin olacaq. Alınacaqsa, alınacaq, alınmayacaqsa, "Qarabağ”ı təbrik edəcəyik.

- "Qarabağ” hücum etməkdən çox top saxlayırdı. Komandamızın oyunu siz təəccübləndirdirmi?

- "Qarabağ” müəyyən dərəcədə riskə getmək istəmədi. Hesabın onları qane etməsinə görə daha ağıllı oynadılar. Bizim futbolçular da qol vura bilərdilər. Rəqib də qol vurmağa çalışırdı, sadəcə ağıllı oyuna üstünlük verirdi.

- Matçdan sonra futbolçuları yığanda onlara nə dediniz?

- Bu, komandadaxili bir şey idi. Açıqlaya bilmərəm.