Vüqar Nadirov yenidən “Qarabağ”da

Vüqar Nadirov yenidən “Qarabağ”da

UEFA Çempionlar Liqasında çıxış edən "Qarabağ” klubu heyətinə daha bir futbolçu cəlb edib. Olimpnews.az saytının məlumatına görə, Ağdam təmsilçisi keçmiş futbolçusu Vüqar Nadirovu geri qaytarıb.

Klubun öz yetirməsi olan 29 yaşlı futbolçu ilə bir illik müqavilə imzalanıb.

2002-2004-cü və 2009-15-ci illərdə "Qarabağ”da oynamış Nadirov qayıdışı ilə bağlı fikirlərini klubun rəsmi saytına açıqlayıb: "Bir ağdamlı, şəhid balası kimi yenidən "Qarabağ"a qayıtdığım üçün olduqca sevincliyən. Əlimdən gələni edəcəm ki, baş məşqçimiz Qurban Qurbanovun mənə göstərdiyi etimadı doğruldum. Hər bir komandada rəqabət var, "Qarabağ"da da məşqlərdə əlimdən gələni edəcəm ki, baş məşqçinin verdiyi tapşırıqları layiqli şəkildə yerinə yetirim. 6 il bu komandada oynamışam, klub rəhbərliyini də tanıyıram, onlara da təşəkkür edirəm ki, yenidən komandaya qayıtmağımda dəstək oldular. Çalışacam həm avrokuboklarda, həm də çempionatda komandaya xeyir verim. "Qarabağ" azarkeşləri bizim ürək yerimizdir. Çalışacam ki, onları sevindirim".