Azərbaycanlı futbolçu karyerasını Portuqaliyada davam etdirəcək. Olimpnews.az saytının məlumatına görə, gənclərdən ibarət milli komandamızın üzvü Budaq Nəsirov məşhur "Sportinq" klubuna transfer olunub.
21 yaşlı yarımmüdafiəçi Lissabon klubu ilə 5 illik müqavilə imzalayıb. B. Nəsirov yeni komandasında 86 nömrəli formanı geyinəcək.
Portuqaliyanın ən titullu klublarından olan "Sportinq” son mövsümün gümüş mükafatçısıdır. Paytaxt klubu bu mövsüm UEFA Çempionlar Liqasında mübarizə aparacaq.
Qeyd edək ki, Nəsirov müqavilə ilə "Sumqayıt"a məxsus olsa da, son mövsüm "Kəpəz" klubunun heyətində çıxış edib.