"Çox isti havada oynadıq. Matça yaxşı hazırlaşmışdıq". Olimpnews.az-ın Gəncəyə ezam olunmuş xüsusi müxbirin məlumatına görə, bunu "Kəpəz" - AZAL matçından sonra Gəncə klubunun kapitanı Tural Axundov deyib.
Tural Axundov qolla azarkeşləri sevindirə bilmədiklərini vurğulayıb: "İstərdik ki, qələbə qazanaq. Əlimizdən gələni etdik. Təəssüf ki, alınmadı. Azarkeşlərimizi sevindirə bilmədik. "İnter"lə oyunda qələbə qazanmağa çalışacağıq".
"Kəpəz"in kapitanı penalti vəziyyətinə də aydınlıq gətirdi: "Mən penalti epizodunu arxadan gördüm. Fikrimcə, qayda pozuntusu var idi. Əliyardan soruşdum, o penalti olmadığını söylədi. Mən də bir söz demədim. "Kəpəz"in ötənilki ilə müqayisədə zəiflədiyini deməzdim. Sadəcə, bizə vaxt lazımdır. Komanda hələ tam oturuşmayıb. İlk turda "Qəbələ" ilə oyunda qələbə qazana bilərdik. Ancaq xarakter göstərə bilmədik. İnşallah, hər şey yoluna düşər”.
Qeyd edək ki, "Kəpəz" - AZAL qarşılaşması 0:0 hesabı ilə başa çatıb.
Rahib Səmədov,
Gəncə