"Bu oyuna çox yaxşı hazırlaşmışdıq. İlk turda "Neftçi”yə məğlub olsaq da, komanda toparlanıb, birlik, mübarizlik əzmi nümayiş etdirdi". Olimpnews.az-ın Gəncəyə ezam olunmuş xüsusi müxbirin məlumatına görə, bunu "Kəpəz" - AZAL matçından sonra "təyyarəçilər"in qapıçısı Aqil Məmmədov deyib.
Aqil Məmmədov havanın isti olmasından gileylənib: "Hava çox isti olduğundan oyun dinamik alınmadı. Evdə həmişə yaxşı oynayan "Kəpəz”lə Gəncədə heç-heçə etmək çox yaxşı nəticədir. Bundan sonra "Zirə”ylə görüşü fikirləşəcəyik. Həmin qarşılaşmada mövsümdə ilk qələbəmizi qazanmağa çalışacağıq. Turdan-tura futbolçularımız daha yaxşı oynayacaq".

AZAL-ın qapıçısı penalti olmadığını bildirib. "Fredreriko həmin epizodda özünü yerə atdı. Halbuki yıxılmasa idi, təkbətək çıxa bilərdi. Orada penalti olduğunu düşünmürəm. Sadəcə, Dario özünü yerə atdı, vəssalam... Çox yaxşı komandamız var. Tərlan müəllim çox yaxşı kollektiv qurub. İnşallah, çempionatda 4-5-ci yerlərdən birini tutacağıq. "Neftçi”də olarkən AZAL-a məğlubiyyəti ölümə bərabər adlandırmışdım? Mən həmin sözü o gün üçün demişəm. Sözümün üstündəyəm və heç vaxt sözümdən qaçmamışam. Həmin vaxt "Neftçi”də işlər qaydasında getmirdi, bir neçə oyunda uduzmuşduq və azarkeşlər bizdən üz döndərmişdi. Həmin müddətdə rəhbərlik bizə çox dəstək olmuşdu. Bu xal itkiləri bizə çox pis təsir etmişdi və buna görə həmin sözləri işlətmişdim. Təkrar edirəm, mən yenə də sözümün üstündəyəm. Bu gün burdayam və sabah başqa komandada oynaya bilərəm. Sadəcə, reallıqla barışmaq lazımdır", - o əlavə edib.
Qeyd edək ki, "Kəpəz" - AZAL qarşılaşması 0:0 hesabı ilə başa çatıb.
Rahib Səmədov,
Gəncə