"Oyun fikirləşdiyimiz kimi çətin oldu. Hava dəhşətli dərəcədə isti idi". Olimpnews.az-ın Gəncəyə ezam olunmuş xüsusi müxbirin məlumatına görə, bunu "Kəpəz" - AZAL matçından sonra "təyyarəçilər"in kapitanı Emin Cəfərquliyev deyib.
Emin Cəfərquliyev çempionatda ilk xallarını qazandıqları üçün sevindiklərini qeyd edib: "Bu da oyunu yüksək tempdə keçirməyə imkan vermirdi. Ancaq əsas məqsədimiz Gəncədən xalla qayıtmaq idi. Buna da nail olduq. Nəticəyə görə şadıq. "Kəpəz” elə-belə komanda deyil. Avroliqada mərhələ adlayıb. Biz də zəif olmadığımızı göstərdik. Əslində yaxşı komanda olduğumuzu ilk turda da göstərmişdik. Mən penalti epizoduna şərh vermək istəməzdim. Bu, hakimin qərarıdır. Eyni epizod "Kəpəz”in qapısı qarşısında olsa idi, biz də narazılıq edib, penalti istəyərdik. Baş məşqçimiz fasilədən sonra dəyişiklik etdi. İrəlidə oyunçularımızın sayı artdı. Əvəzində ortada boşluqlar yarandı. "Kəpəz”in orta xətti meydanı tez keçirdi. Bu səbəbdən də aqressiv oynadıq. Bu, çempionatda qazandığımız ilk xaldır. Buna görə sevinirik. Qələbəyə bərabər heç-heçə oldu".
Qeyd edək ki, "Kəpəz" - AZAL qarşılaşması 0:0 hesabı ilə başa çatıb.
Rahib Səmədov,
Gəncə