Rusiyanın nüfuzlu "Sport-Ekspress” qəzeti Ramil Şeydayev haqda yazı dərc edib. Olimpnews.az saytının məlumatına görə, yazı rusların Ramil Şeydayevi necə itirmələri, hücumçunun niyə Azərbaycan milli komandasını seçməsi ilə bağlıdır.
Tanınmış yazar İqor Rabiner məqaləsində özlərini, Ramilə güvənməyən klubları, Rusiya Futbol İttifaqının rəhbərliyini qınayıb. Onun fikrincə, vaxtında Şeydayevin qədrini bilsə idilər, indi belə itki ilə üzləşməzdilər: "Ramilin San-Marino yığması ilə oyunun 88-ci dəqiqəsində Azərbaycan millisinin heyətində meydana çıxması ilə geriyə yolu birdəfəlik bağlandı. Biz istedadlı futbolçunu itirdik. Onsuz da son vaxtlarda bizdə belələri çox az-az yetişir. Ola bilər ki, Ramil seçimində bir az tələsib, səhv edib. Heç kim bilmir ki, Azərbaycan milli komandası nə vaxtsa böyük turnirlərin final mərhələsinə çıxa biləcəkmi”.

Rabiner Şeydayevin yetişməyində böyük rolu olan "Zenit-2”in baş məşqçisi Vladislav Radimov onun haqda xoş xatirələrini deyib. Məlum olub ki, 20 yaşlı hücumçumuz hələ ötən mövsüm bu komandanın heyətində Rusiya çempionatının birinci divizionunda "parladığı” zaman Radimova Azərbaycan milli komandasında oynamaq varinatının olduğunu etiraf edib. Həmin vaxt baş məşqçi onu bu addımı atmaqdan çəkindirməyə çalışıb. Ona başa salıb ki, ən yaxşısı dözüb Rusiya milli komandasına yetişməkdir: "Axı Azərbaycan milli komandası çətin ki böyük turnirlərdə çıxış edə bilsin. Ancaq Şeydayev nə qədər Radimova hörmət etsə də, sonuncu Rusiya Futbol İttifaqının yerinə yetirməli olduğu işi görə bilməz. Varlı ailədən olmayan Şeydayevin Azərbaycandan cəlbedici maddi vəsaitin qarşılığında yola gəlməsi mənim üçün heç bir əhəmiyyət daşımır. Hətta bu, həqiqət olsa belə”,-deyə V.Radimov bildirib.
Xatırladaq ki, Ramil Şeydayev Rusiya U-17 ilə Avropa çempionu, U-19-la qitə birinciliyinin gümüş medalçısı olub. O, U-19-ların turnirində vurduğu 12 qolla bu yaş qrupunda Avropa çempionatlarının tarixində məhsuldarlığa görə rekordçu olub və final mərhələsinin rəmzi yığmasında yer alıb.