"Bizim üçün ən çətin oyunlardan biri oldu"

"Bizim üçün ən çətin oyunlardan biri oldu"

"Oyun gözlədiyimiz kimi keçdi. İlk 15 dəqiqədə hücumda oynadıq. Bundan sonra oyun dəyişdi. Müdafiəyə keçməli olduq”. Olimpnews.az saytının məlumatına görə, bu sözləri "Slovan”ın baş məşqçisi Yindrix Trpişovski deyib.

UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ”ın qonağı olan Çexiya klubu Bakıdan 1 xalla ayrılıb – 2:2.

Matçdan sonra mətbuat konfransı keçirən qonaqların çalışdırıcısı nəticəni belə şərh edib: "İkinci hissədə vəziyyət dəyişdi. 4-5 qol vurmaq şansımız var idi. Onların hamısını dəyərləndirə bilmədik”.

- "Qarabağ” klubu barəsində təəssüratlarınız necədir?
- "Qarabağ” çox güclü komandadır. Bunu bilirdik. Bizim üçün ən çətin oyunlardan biri oldu.

- Demək olar ki, bu gün baş məşqçilərin və kapitanların mübarizəsi oldu?
- Bu, tək bir yox, bütün komandanın oyunu idi. Fərqli görüş idi. Bu matçda hər oyunçunun öz gücünü göstərdiyini düşünürəm.

- İkinci hissənin son 25 dəqiqəsində komandanız pressinq tətbiq etdi. Belə təəssürat yaranmışdı ki, 3-cü hissə olsa idi, yenə oynamağa hazır idiniz?
- 3-cü hissə olsa idi, onu da güclə keçirə bilərdik. Amma "Qarabağ” da kombinasiyalı futbol göstərən komandadır. Onlar da 3-cü hissəni oynaya bilərdilər.

- 90 dəqiqə ərzində başınızda papaq var idi. Bu, hansısa inancdan irəli gəlir?
- Papaq həmişə mənimlədir. Baxsanız, onu həmişə geyinirəm. İdman stilinə üstünlük verirəm.