
"Bayıl Arena" stadionunda "Səbail” klubunun Müşahidə Şurasının (MŞ) iclası keçirilib.
Olimpnews.az saytının məlumatına görə, Müşahidə Şurasının sədri Rəşad Abdullayev çıxış edərək klubun əsas fəaliyyət istiqamətləri barəsində danışıb. O, klubun I Diviziondakı hədəfləri, yüksək pillələr uğrunda mübarizə aparması ilə yanaşı, daha çox yerli və gənc futbolçuların xidmətində maraqlı olduğunu vurğulayıb. "Bu amil gələcəkdə həm müxtəlif yaş qruplarından ibarət yığma komandalar, həm də Azərbaycan millisinin seçim imkanlarına müsbət təsir edəcək", - deyə Rəşad Abdullayev əlavə edib.
Sonra Müşahidə Şurasının üzvləri Əbdülqəni Nurməmmədov və Təbriz Həsənov çıxış edərək klubun qarşısına qoyulmuş məqsədlərə çatmaq üçün MŞ-nin bütün üzvlərinin səylə çalışdığını qeyd ediblər.
"Səbail” klubunun icraçı direktoru Yusif Həsənov isə qısa müddət ərzində klubda görülmüş işlər barəsində məlumat verib, klubun təşkilati işlərinin və idman nəticələrinin yüksək səviyyədə olması üçün məqsədyönlü tədbirlərin həyata keçirildiyini bildirib.
Qeyd edək ki, iclasdan sonra Müşahidə Şurasının üzvləri I Divizionda ikinci tur çərçivəsində keçirilən "Səbail” – MOİK oyununu izləyiblər. Matç 4:1 hesabı ilə "Səbail” komandasının xeyrinə başa çatıb.