
Futzal üzrə dünya çempionatında qrup mərhələsinə yekun vurulub. Olimpnews.az saytının məlumatına görə, qrupda keçirilən 3 oyunda 4 xal əldə edən komandamız növbəti mərhələyə vəsiqə qazanıb.
Azərbaycan millisi mundialda ikinci matçına çıxıb. Kolumbiyada təşkil edilən çempionatda komandamız turnirin favoritlərindən olan İspaniya millisi ilə qarşılaşıb. Yığmamız 2 qat dünya və 7 qat Avropa çempionu ilə bərabər səviyyədə mübarizə aparıb. Hətta hesabı təmsilçimiz açıb. Ancaq bu üstünlüyü qorumaq mümkün olmayıb. Gərgin mübarizənin yekununda komandamız 2:4 hesabı ilə məğlub olub.
Miltinyonun yetirmələri qrupun son turunda İran yığması ilə münasibətlərinə aydınlıq gətiriblər. Cənub qonşularımızın da bizim kimi bir qələbəsi və bir məğlubiyyəti olduğundan 1/8 finalın taleyi məhz bu görüşdən asılı idi. Oyun 3:3 hesablı heç-heçə ilə başa çatıb. Bununla da qrupda ikinci pilləni tutan yığmamız 1/8 finala yüksəlib.
Yığmamız 1/8 final mərhələsində B qrupunu 6 xalla ikinci yerdə başa vuran Tailand millisi ilə qarşılaşacaq. Komandamızın 1/4 finaldakı potensial rəqibləri də bəllidir. Belə ki, millimiz sentyabrın 22-də gecə saatlarında üz-üzə gələcəyi rəqibini məğlub edərsə, növbəti mərhələdə Portuqaliya - Kosta-Rika cütünün qalibinə rəqib olacaq.
Dünya çempionatı
1/8 final mərhələsi
20 sentyabr
02:30. Rusiya - Vyetnam
05:00. Kolumbiya - Paraqvay
21 sentyabr
02:30. Braziliya - İran
02:30. İspaniya - Qazaxıstan
05:00. Portuqaliya - Kosta-Rika
22 sentyabr
02:30. İtaliya - Misir
02:30. Argentina - Ukrayna
05:00. Tailand - Azərbaycan