Miltinyo Tailand yığması haqda danışdı

Miltinyo Tailand yığması haqda danışdı

"Tailand qrup mərhələsində 6, biz isə 4 xal topladıq. Bilirik ki, 1/8 final mərhələsində bizi çətin oyun gözləyir. Şanslar bərabərdir”. Olimpnews.az saytının məlumatına görə, bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Milton Luis Ziller Junior AFFA-nın rəsmi saytına deyib.

Kolumbiyada keçirilən dünya çempionatında qrupu ikinci pillədə başa vuran yığmamız 1/8 finalda Tailandla üz-üzə gələcək.

Qarşılaşma öncəsi təşkil edilən mətbuata konfransında Miltinyo rəqibin ünvanına xoş sözlər söyləyib: "Tailand yığmasının Rusiya millisi ilə keçirdiyi oyunu izləmişik. Heyətlərində xüsusi qeyd edə biləcəyim iki futzalçı var. Biri 7 nömrədir. O, arxa xətdə çıxış edir. Digəri isə 9 nömrəli oyunçudur. Bu futzalçının həm sol, həm də sağ ayağı işləkdir. Komanda şəklində çox hərəkət edirlər. Qarşıda hələ 2 gün vaxtımız var. Videoyazılara baxıb, daha yaxşı təhlil edəcəyik. Çalışacağıq faydalana biləcəyimiz cəhətləri tapaq. Eyni zamanda, güclü tərəflərini öyrənək ki, ondan istifadə edə bilməsinlər, buna imkan verməyək. Məşqlərdə çatışmazlıqlarımız üzərində də işləyəcəyik”.

Qeyd edək ki, Azərbaycan – Tailan görüşü sentyabrın 22-də Bakı vaxtı ilə saat 05:00-da başlayacaq.