
Şamaxı Olimpiya Mərkəzində "Gənc mədəniyyət işçilərinin ilk kuboku” üzrə mini futbol turniri keçirilib. Olimpnews.az saytının məlumatına görə, yarışda regional mədəniyyət və turizm müəssisələrində çalışan 35 yaşına qədər olan gənc mədəniyyət işçiləri müba-rizə aparıblar.
Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz tərəfindən təşkil olunan turnirin məqsədi mədəniyyət və idman sintezi çərçivəsində sağlam həyat tərzinin təbliği, müxtəlif rayonlarda mədəniyyət müəssisələrində çalışan əməkdaşların fəaliyyətinin stimullaşdırılması, onlar arasında sıx yoldaşlıq əlaqələrinin yaradılması olub.

Turnirdə 42-dən çox rayonu təmsil edən gənc mədəniyyət işçilərindən ibarət 8 regional komanda mübarizə aparıb. Tədbirdə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev, Mədəniyyətşünaslıq üzrə Elmi Metodiki Mərkəzin Təbliğat və Statistik Araşdırmalar Şöbəsinin müdiri Sənan Talıbov, Şamaxı rayon gənclər və idman idarəsinin rəisi Şahmar Hüseynov, Mədəniyyət və Turizm İdarəsinin rəisi Rafail Tağızadə, Milli Olimpiya Komitəsinin (MOK) baş məsləhətçisi AİBA dərəcəli hakim Nazir Rəhimov, MOK aparıcı məsləhətçisi, "Olimpiya dünyası” qəzetinin baş redaktoru Murad Fərzəliyev, İncəsənət Təhsili Mərkəzinin direktoru Namiq Rzazadə iştirak ediblər. Maraqlı mübarizə şəraitində keçən turnirin final mərhələsində "Sabir” və "Xətai” komandaları qarşılaşıblar. Həlledici oyunda "Sabir” komandası 4:1 hesabı ilə qalib gələrək, birinci yeri tutub.
Təltifetmə mərasimində qaliblərə kubok və medallarla yanaşı, qiymətli hədiyyələr təqdim olunub.

Tədbirdən sonra Mədəniyyətşünaslıq üzrə Elmi Metodiki Mərkəzin Təbliğat və Statistik Araşdırmalar Şöbəsinin müdiri Sənan Talıbov yarışla bağlı fikirlərini "Olimpiya dünyası” qəzeti ilə bölüşüb:
- Mədəniyyət və Turizim naziri Əbülfəs Qarayevin dəstəyi ilə regional mədəniyyət və turizm müəssisələrində çalışan əməkdaşlar arasında mini futbol turniri keçirildi. 35 yaşına qədər olan gənc mədəniyyət işçiləri arasında keçirilən turnirdə respublikamızın 42-dən çox rayonunu təmsil edən gənc mədəniyyət işçiləri bir araya gəldilər. Tədbiri keçirməkdə əsas məqsədimiz idman və mədəniyyəti bir araya gətirmək, mədəniyyət işçiləri arasında dostluq əlaqələrini möhkəmləndirmək və sağlam həyat tərzinin təbliğ etməkdən ibarət idi. Kubok uğrunda yarışda müxtəlif bölgələrdən "Füzuli”, "Müşfiq”, "Sabir”, "Nizami”, "Bülbül”, "Zərdabi”, "Niyazi” və "Xətai” komandaları iştirak etdilər. Oyunları AFFA-nın təyin etdiyi hakimlər - Ceyhun Hüseynov və Elçin Əsədov idərə etdilər. Yarışın ümumi gedişatına isə baş hakim Qurban Məmmədov nəzarət edirdi. Bu tədbir bir daha sübut etdi ki, bölgələrdə mədəniyyət işçiləri arasında idman kütləvi hal alıb. Onlar mədəniyyət sahəsində çalışmaqlarına baxmayaraq, bu turnirdə əsl peşəkarlıq nümayiş etdirdilər. Çalışacağıq ki, gələcəkdə bu turnir ənənəvi hal alsın. Bununla yanaşı turnirin hər il müxtəlif bölgələrdə keçirilməsi nəzərdə tutulub. Bundan əlavə mədəniyyət işçiləri arasında qadın işçilərinin çox olduğunu nəzərə alaraq, gələcəkdə xanımlar arasında şahmat, voleybol və ya basketbol üzrə turnirin keçiriləcəyini planlaşdırırıq.