
"Əvvəlcə hər birinizi salamlayıram. Yaxşı oyun oldu. Amma baxımlı futbol göstərməyə imkan olmadı”. Olimpnews.az-ın Gəncəyə ezam olunmuş xüsusi müxbirin məlumatına görə, bunu "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Oyundan sonra təşkil edilən mətbuat konfransında Qurban Qurbanov meydançanın durumundan gileyləndi: "Meydançanın durumu elə də yaxşı deyildi. Buna görə də futbolçular çox əziyyət çəkdilər. Amma onların çıxışından razı qaldım. Qeyd edim ki, Gəncə səfəri ən ağır səfərlərdən biridir. Azarkeşlərə təşəkkür edirəm ki, öz komandalara dəstək oldular. Məğlub ola da bilərdik. Amma 1 xala görə sevinirik. Qazanılan hər xal bizim üçün böyük üstünlükdür”.
- Stadionun ot örtüyündən şikayətləndiniz...
- Bir çox futbolçuya əvvəlki matçda istirahət vermişdik. Meydançanın bu durumda olacağını düşünmürdüm. Dünənki yağış ot örtüyünü daha da pis vəziyyətə saldı. Avrokuboka hələ 4 günümüz var. Heç kim zədədən sığortalanmayıb. Şükür ki, oyunu zədəsiz başa vurduq.
- Bəzi vəziyyətlərdə Arif Daşdəmirov kobud səhvə yol verdi. Onun oyunundan razı qaldınız?
- Əlbəttə, ondan razı qaldım. Bu meydançada səhvlər qaçılmazdır. Təkcə o yox, bir çox futbolçu səhv etdi. Daha çox etirazımız lazımsız yerdəki cərimə zərbələri oldu. Rəqibin fiziki gücə malik futbolçuları var. Arif ilk hissədə daha fəal oynadı. O, hücumlara qoşulurdu. Yeni transfer Ndolovudan da razı qaldım. O, komandaya uyğunlaşıb və qol vurmaq üçün yaxşı imkanı da oldu. Sadəcə, top dirəkdən döndü.
- "Qarabağ” klubu "Fiorentina” ilə oyunda xal qazana biləcəkmi?
- Bilmirəm. İnşallah, çalışacağıq səfərdə yaxşı çıxış edək və xalla qayıdaq.
- Milli komandamızın baş məşqçisi Robert Prosineçki ilə görüşünüz planlaşdırılır?
- Xeyr, olmayacaq. Biz öz proqramımızı tutmuşuq. Oktyabrın 2-də oyunumuz var. Milli oktyabrın 3-də toplaşacaq. Prosineçki ilə söhbət etməyi düşünmürük. İnşallah, millinin oyunundan sonra 6 gün vaxt olacaq. Kimə istirahət etmək lazım olsa, bu şəraiti onlara yaradacağıq.
Rahib Səmədov,
Gəncə