"№11 İsgəndər Cavadov" kitabının təqdimatı oldu

"№11 İsgəndər Cavadov" kitabının təqdimatı oldu

Bu gün Azərbaycanın məşhur futbolçusu İsgəndər Cavadovun 60 illiyinə həsr olunmuş kitabın təqdimat mərasimi keçirildi. Olimpnews.az saytının məlumatına görə, tədbirdə İsgəndər Cavadovla yanaşı, AFFA-nın baş katibi Elxan Məmmədov, İsveçdən gələn İqor Ponomaryov, belaruslu Aleksandr Zıqmantoviç, gürcüstanlı Aleksandr Çivadze, futbol veteranları və digər rəsmi qonaqlar iştirak edirdilər.

Tədbiri giriş sözü ilə kitabın müəllifi, tanınmış televiziya aparıcısı Sənan Şəfizadə açdı. O, kitabın ərsəyə gəlməsinin hansı zərurətdən doğduğunu bildirdi və kitab hazırlanan zaman baş verən maraqlı faktlardan danışdı.

Kitabın redaktoru Mahir Rüstəmli yubilyarın vaxtilə daha böyük zirvələr fəth etməyə qadir olduğunu, amma SSRİ yığması daxilindəki qərəzli münasibətlə əlaqədar bunu gerçəkləşdirməyə maneçiliyin törədildiyini vurğuladı.

AFFA-nın baş katibi Elxan Məmmədov yeni kitabın işıq üzü görməsini Azərbaycan futbolu üçün tarixi hadisə olduğunu qeyd etdi: "Əslində hər bir oyunda İsgəndər müəllim tarix yazıb. Hər bir oyundan kitab yazmaq olar. O, oynayanda azarkeş kimi futbola gəlirdim. İlk dəfə 1986-cı ildə onu stadionda canlı gördüm. Böyük qardaşım məni "Neftçi"nin Kiyev "Dinamo"su ilə oyununa apardı. Tarix indiyədək yadımdadır: 9 noyabr 1986-cı il. Həmin vaxt Tofiq Bəhramov adına Respublika stadionunda ulduzlara baxmağa getmişdim, qollar gözləyirdim. Amma matç qolsuz heç-heçə ilə başa çatdı. Həmin oyunda İsgəndər Cavadov bir neçə futbolçunu keçsə də, qol vura bilmədi. O vaxtlar stadionda olanda düşünə bilməzdim ki, 30 ildən sonra onunla işdə həmkar olacağam. Bu, doğrudan da mənim üçün həyəcanlı haldır. Çox şadam ki, karyeranızı başa vurandan sonra da futboldasınız".

İqor Ponomaryov çıxış edərək, tədbirdə iştirak etməsindən qürur duyduğunu söylədi. O, Cavadovla bağlı xatirələrini yada saldı.

Çivadze də yada düşən xatirələrdən danışdı. O, Tbilisi "Dinamo"sunun heyətində oynayan zaman İsgəndər Cavadov, Maşallah Əhmədov və İqor Ponomaryova qarşı oynamaq onun üçün həmişə çətin oldğunu bildirdi.

Qutsayev yubilyarla bağlı xatirələrini bölüşərək, onun potensialından karyerasını başa vurduqdan sonra lazımi səviyyədə istifadə olunmadığını vurğuladı. Gürcüstanlı keçmiş hücumçu indiyədək özünə hər cür şərait yaratdığını, amma kitab yaza bilmədiyini, bu baxımdan yeni əsərin ona böyük stimul verəcəyini dilə gətirdi.

Minsk "Dinamo"sunun keçmiş yarımmüdafiəçisi Zıqmantoviç də Cavadova qarşı oynamağın çətin olduğunu dedi.

Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev kitabın ərsəyə gəlməsində əməyi olan həmkarlarımıza təşəkkürünü bildirdi. O, Cavadovun xidmətlərinin yüksək səviyyədə qiymətləndirildiyini söylədi və Prezident təqaüdünün verilməsi barədə sərəncamın imzalandığını vurğuladı.

Sonda yubilyar çıxış etdi. Cavadov hələ 50 yaşında kitab hazırlanma təklifi aldığını, amma bununla razılaşmadığını dedi. "Verdikləri dəstəyə görə mən bütün komanda yoldaşlarımın qarşısında baş əyirəm. Biz 5-6 oynayan futbolçu ilə Kiyev, Tbilisi "Dinamo"larına, digər komandalara nəyə qadir olduğumuzu göstərirdik. Mən çox çətin yol keçib "Neftçi"yə əziyyətlə düşmüşəm. Ümummilli lider Heydər Əliyev bir dəfə bizə gözəl tövsiyə verdi: "İstərdim ki, siz Azərbaycanın Ələkbər Məmmədov, Kazbek Tuayev, Anatoli Banişevski kimi futbolçularına bənzəyəsiniz və onlarla birgə tarixə düşəsiniz”. Mən də həmişə çalışırdım ki, komandam qələbə qazansın. İstəsəydim, 100 qol da vurardım. Heydər Əliyevin sözləri yadımdadır. Prezident İlham Əliyev 50 yaşımda mənə "Şöhrət" ordeni, 60 yaşımda Prezident təqaüdü verib. Belə yüksək səviyyəli tədbiri təşkil etdiyi üçün AFFA rəhbərliyinə minnətdaram", - deyə İsgəndər Cavadov əlavə etdi.

Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdirdilər.