İsgəndər Cavadov: “Hücumçu meydanda yaşamalıdır”

İsgəndər Cavadov: “Hücumçu meydanda yaşamalıdır”

"Uzun illər keçməsinə baxmayaraq, Ələkbər Məmmədov, Anatoli Banişevski, Kazbek Tuayev kimi futbolçular hələ də yoxdur. Sonra biz gəldik. Ancaq son illərdə Azərbaycanda yaxşı hücumçu böyük problemdir". Olimpnews.az saytının məlumatına görə, bunu Azərbaycanın məşhur futbolçusu İsgəndər Cavadov 60 illiyinə həsr olunmuş kitabın təqdimat mərasimindən sonra jurnalistlərə açıqlamasında dedi.

"N11 İsgəndər Cavadov" adlanan kitabın təqdimatında iştirak edən səbəbkar Azərbaycan futbolunda hazırda daha bir İsgəndər Cavadovun olmadığını bildirdi. Veteran hücumçu bunun səbəblərini belə izah etdi: "Hücumçu meydanda yaşamalıdır. O, komandanın lideri, qələbə təminatçısıdır. Hücumçu oynayanda bütün komanda yaxşı oynayır. Biz 5-6 nəfərlə Kiyev "Dinamo"su, Tbilisi "Dinamo"su, Moskva "Spartak"ı ilə oynayırdıq və onlar bizimlə bacarmırdı. Ancaq bizdə də o səviyyəli futbolçuların sayı daha çox olsa idi, ilk "5-liy"ə də düşə bilərdik. Kitabda bunlar haqda qeyd etmişəm. Bizdə bəzi problemlər vardı. İndi açıqlamaq istəmirəm. Bizə irəli getməyə imkan vermirdilər. Məsələ mənlə bağlı idi. Futbolçu olanda istəyirdim ki, gələcəkdə komandada məşqçi, rəhbər olaraq çalışım. Ancaq bəzi adamlar komandaya gəlişimi istəmirdilər. Son illərdə isə məni komandadan uzaqlaşdırmağa çalışırdılar. Amma bacarmadılar. Çünki mənim futbolda zəhmətim böyükdür. Həm xalqın, həm də ölkə başçısının qarşısında hörmət qazanmışam”.

İsgəndər Cavadov 11 nömrəli formanı seçməsinin səbəbini də açıqladı: "Həmişə "7"ni xoşlamışam, arzulamışam. Uşaqlıqdan da bu nömrə ilə oynayırdım. Ancaq Nikolay Smolnikov gedəndən sonra mənə "11 nömrə"ni verdilər. Bu nömrəli futbolkanı başqasının geyinməsinə icazə vermədim".

O, təqdimat mərasiminə gəlməyən "Neftçi"dəki keçmiş komanda yoldaşlarından və 10 il (1977-1982, 1983-1988) şərəfini qoruduğu komandanın hazırkı durumundan da danışdı: "Hamısı axşam gələcəklər. Çoxu təqdimat mərasiminə gəlirdi, sadəcə, işlə bağlı alınmadı. "Neftçi"nin indiki vəziyyətindən çox narahatam. Klubun rəhbərliyi var və istərdim ki, bu vəziyyətdən çıxsınlar. Gözəl rəhbərlər və tanınmış insanlardır. Komandanın bütün oyunlarını izləyirəm. "Neftçi" gec-tez yüksək səviyyədə olacaq. Çünki flaqmandır, tarixi var. Bu komandanı mütləq qaldırmalıyıq", - deyə İsgəndər Cavadov əlavə etdi.