I Spartakiadaya yekun vurulub

I Spartakiadaya yekun vurulub

Akademiya şəhərciyinin mini futbol stadionunda AMEA-nın I Spartakiadasının futbol yarışlarının son oyunları keçirilib.

Olimpnews.az saytının məlumatına görə, III yer uğrunda NKPİ ilə Genetik Ehtiyatlar İnstitutunun komandaları mübarizə aparıblar. Görüşdə Genetik Ehtiyatlar İnstitutunun komandası 5:0 hesabı ilə qələbə qazanaraq III yerə sahib çıxıb. Finalda Fizika İnstitutu və Geologiya və Geofizika İnstitutunun komandaları qarşılaşıblar. Oyunun əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Əlavə vaxtda Geologiya və Geofizika İnstitutunun komandası hesabda irəli keçib. Beləliklə, I Spartakiadanın futbol yarışlarında Geologiya və Geofizika İnstitutunun komandası birinci yerə layiq görülüb. Fizika İnstitutunun komandası isə II yeri tutub.

Final oyunlarından sonra I Spartakiadanın bağlanışı mərasimi keçirilib. Mərasimdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə, AMEA-nın vitse prezidenti İsa Həbibbəyli, Azad Həmkarlar İttifaqının sədri, professor İsa Alıyev, AMEA-nın institutlarının direktorları, Həmkarlar Komitəsinin sədrləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Azad Həmkarlar İttifaqı Rəyasət Heyətinin üzvü, Fizika İnstitutunun Həmkarlar İttifaqının sədri Sitarə Bağırova Spartakiada haqqında məlumat verib. O, AMEA-nın 15 institutunun Həmkarlar Təşkilatının dəstəyi ilə keçirilən yarışları beynəlxalq dərəcəli hakimlər tərəfindən idarə olunduğunu diqqətə çatdırıb.

Tədbirdə çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə I Spartakiadanın 4 növ (dama, şahmat, stolüstü tennis və futbol) üzrə təşkil olunduğunu qeyd edib. O, yarışların yüksək səviyyədə keçirildiyinə görə təşkilatçılara minnərdarlığını bildirib.

Çıxışlar başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Bütün növlər üzrə qaliblərə medal, diplom və pul mükafatları təqdim olunub.