Həvəskarlar arasında çempionat başlayır

Həvəskarlar arasında çempionat başlayır

"Bridge Palace”də Bakı Kəndləri Futbol Federasiyasının (BKFF) iclası keçirilib. Olimpnews.az saytının məlumatına görə, tədbirdə BKFF-nın prezidenti Vaqif Davudov, baş katibi Rauf Abutalıbov və həvəskarların çempionatında iştirak edəcək klubların baş məşqçisi iştirak edib.

Çempionatın başlaması münasibəti ilə iştirakçıları təbrik edən Vaqif Davudov komandaların sənədləşməsi və püşkatma barəsində ətraflı məlumat verib. Əsasnamədə qeyd olunan məsələlər iclas iştirakçılarının diqqətinə çatdırıldı.

Sonra 10 komandanın iştirak etdiyi çempionatın püşkatması keçirilib. I dövrə başa çatdıqdan sonra klublar arasında Anatoli Banişevskinin xatirəsinə həsr olunmuş kubok turniri təşkil olunacaq.

Qeyd edək ki, yarışlara BKFF və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi rəhbərlik edir. Oyunları idarə edən hakimlər AFFA tərəfindən təyin olunub. İlk üç yeri tutan komandalara kubok, medal, diplom və qiymətli hədiyyələr veriləcək. Bundan başqa, birinciliyin ən gənc hakimi və məhsuldar oyunçusu BKFF, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən mükafatlandırılacaqlar.

I tur
16 oktyabr
"Buzovna” (Buzovna) - "Xəzri” (Mərdəkan)
"Sabunçuspor” (Sabunçu) - "Şimal Dres” (Şimal Dres)

17 oktyabr
"Şıxlar” (Qobustan) - "Binə” (Binə)
"Ələt” (Ələt) - "Gənclik” İK (Bayıl)
"Bayıl Rovers” (Masazır) - "Azenu 8km” (Nizami)