
"Qəbələ” klubunun təşəbbüsü ilə Bakıda səfərdə olan tanınmış futbolçu Ronaldinyonun adına akademiya açılacaq. Olimpnews.az saytının məlumatına görə, bununla bağlı mətbuat konfransı keçirildi. Tədbirdə braziliyalı futbolçu ilə yanaşı, AFFA-nın baş katibi Elxan Məmmədov, "Qəbələ” klubunun prezidenti Tale Heydərov və KİV nümayəndələri iştirak edirdi.
Tale Heydərov çıxış edərək bu haqda jurnalistlərə müəyyən məlumatlar verdi: «Qəbələdə bir neçə ildir futbol akademiyası fəaliyyət göstərir. Amma Bakının nüfuzuna və digər səbəblərə görə yeni akademiya Bakıda fəaliyyət göstərəcək. Ümid edirik ki, Ronaldinyonun adını daşıyacaq akademiya uşaq və yeniyetmələrin futbola marağını daha da artıracaq».
Ronaldinyo müsahibədən əvvəl bunları dedi:
- Hamınızı salamlayıram. Mən əvvəllər də Azərbaycan haqda çoxlu yaxşı sözlər eşitmişdim. Bilirdim ki, burda çoxlu braziliyalı futbolçular oynayıb. Bakıda olmağıma çox şadam.
- "Qəbələ”nin Futbol Akademiyasının açılışı ilə bağlı sizə təklifi nə vaxt oldu?
- Təxminən ay yarım əvvəldən "Qəbələ” futbol klubu ilə bu barədə danışıqlara başladıq.
- Sizin bir neçə ölkədə akademiyanız var. Bakıda istedadlı uşaqları görüb, buradakı akademiyaya necə kömək edə bilərsiniz?
- Əsas məqsədim odur ki, akademiyaya gələn uşaqlar mənim adımı eşidib, öz futbollarına daha ciddi yanaşsınlar. Onlar gələcəkdə peşəkar oyunçu olsalar, bu, mənim uğurum olacaq, buna çox sevinəcəm. Azərbaycanlı uşaqların tanınmış klublarda oynamasına kömək edəcəyəm.
- Siz anadan belə futbolçu doğulmuşdunuz, yoxsa tədricən bu səviyyədə oldunuz?
- Yəqin mən doğulanda Allah mənə istedad verdi. Amma böyüyəndə çoxlu məşq etdim. Bəlkə də, hamıdan çox məşq edirdim. Qazandığım bütün titullar bunun nəticəsidir.
- Mətbuat konfransında çox adamın olması sizə İspaniyanı xatırladır?
- Deyə bilmərəm, harada jurnalist daha çox gəlirdi. Amma sizin hamınıza minnətdaram. Mənə hörmətinizi göstərirsiniz. Hamınıza "çox sağ ol” deyirəm.
- Azərbaycan millisi DÇ-2018-in seçmə mərhələsinə uğurlu start götürüb. Bu barədə fikirləriniz maraqlıdır...
- Azərbaycan yığmasının bu seçmə mərhələyə yaxşı başladığını eşitmişəm. 7 xal toplamısınız. Gəlmişəm ki, ölkəni daha yaxşı tanıyım və onun futbolu ilə daha yaxından maraqlanım.
- Gələcəkdə Azərbaycanla Braziliya millisinin yoldaşlıq görüşünün təşkili üçün köməklik göstərə bilərsinizmi?
- Əgər belə oyun nəzərdə tutulsa, kömək edə bilərəm. Əsas odur ki, belə bir məsələ gündəmə gəlsin.
- Son vaxtlar Hindistanda çıxış etdiniz. Azərbaycan klublarından təklif gəlsə, cavabınız nə olar?
- Bəli, Hindistan futzalında bəzi oyunlar keçirdim. Düzü, karyeramı bitirib-biitirməməklə bağlı hələ qərar verməmişəm. Dekabr ayına qədər qərar verəcəm. Ola bilsin ki, vida oyunu keçirim.
- Sizə görə, dünyanın ən güclü futbolçusu kimdir?
- Lionel Messi.
- İlk dəfədir Bakıdasınız. Bura sizdə necə təəssürat yaratdı? Nəyə heyran qaldınız?
- Düzünü deyim, gecə saatlarında gəlmişəm. Aeroportdan çıxandan sonra restoranda yemək yedim. Mətbəxinizi çox sevdim. Şəhəri gəzməyə hələ vaxtım olmayıb. Burdan çıxandan sonra daha yaxından tanıyacam.
- Azərbaycanlı futbolçulara nə məsləhət görərdiniz ki, sizin getdiyiniz yolun yarısını gedə bilsinlər?
- Uşaqlar nə qədər tez futbol oynamağa başlasalar, o qədər yaxşı olar. Məşqlərinə ciddi yanaşmalıdırlar. Məşqə hamıdan əvvəl gəlib, hamıdan sonra getmək lazımdır. Yüksək səviyyəyə çatmaq istəyirlərsə, ciddi hazırlaşmalıdırlar.
- Sizi dünyanın ən istedadlı oyunçusu sayırlar. Bəs Pele, Maradona səviyyəsinə çatmağınıza nə mane oldu?
- Əslində, mən elə onların səviyyəsindəyəm (gülür).
- Bütün klubların azarkeşləri sizi sevir. Bunu necə bacarmısız?
- Düzü, dəqiq deyə bilmərəm niyə hamı məni sevir. Amma bəlkə ona görə ki, gözəl futbol oynamışam, öz stilim olub.
- "Qəbələ”dən təklif alsanız, burda oynayarsınızmı?
- Niyə də yox? Hər şey ola bilər.
- İndiyə kimi futbolla bağlı heç vaxt etiraf etmədiyiniz nəyi Azərbaycan mətbuatının önündə açıqlayardınız?
- Mənim həyatım həm futbol meydançasında, həm də ondan kənarda həmişə açıq olub. Gizlətdiyim bir şey yoxdur. Hamı necə həyat yaşadığımı bilir.
- Braziliyalı futbolçuların çoxu deyir ki, futbol olmasaydı, biz avara, bədbəxt olardıq. Bu bədbəxtliyi braziliyalıların xoşbəxtliyi saymaq olarmı?
- Fikrimcə, braziliyalıların həyatda ən çox istədiyi şey futboldur. Bəziləri dünya çempionatının Braziliyada keçirilməsini istəmirdi. Amma orada insanların çoxu son mundialın orda keçirilməsini arzu edirdi.
- Braziliya millisinin DÇ-2016-dakı uğursuzluğunun səbəbi nə idi? Komanda özünü toparlaya biləcəkmi?
- Bizim güclü komandamız var idi. Həmin komandada ulduzlar var idi. Təəssüf ki, Fransaya uduzduq. Səbəbini deyə bilmərəm. Bu, futboldur.
- Karyeranızda ən böyük peşmanlığınız nədir?
- Heç bir peşmanlığım yoxdur. Həyatımdakı hər addımı düz atmışam.
- Özünüzü, yoxsa futbolu çox sevirsiniz?
- Özümü futbolsuz təsəvvür edə bilmirəm. Futbolu da Ronaldinyosuz.