"Qara qartallar"dan isə asan qələbə
Ötən həftə Türkiyə Super Liqasının VIII turuna start verildi. Olimpnews.az saytının məlumatına görə, bu dəfə də azarkeşlər maraqlı oyunların şahidi oldular.
Turun mərkəzi qarşılaşması «Türk Telekom Arena»da oldu. «Qalatasaray» doğma azarkeşlər önündə «Trabzonspor» klubu ilə münasibətlərinə aydınlıq gətirdi. Qonaqların bu mövsüm uğursuz çıxış etməsi onların səfərdən xalsız qayıdacağı fikrini yaradırdı. Lakin hər şey gözlənilənlərin əksinə oldu. Matçın ilk 15 dəqiqəsi sakit məcrəda keçdi. Tədricən təşəbbüsü ələ alan Qaradəniz təmsilçisi hesabı açan tərəf oldu. Oyunun 17-ci dəqiqəsində rəqib müdafiəçilərin kobud səhvi nəticəsində topu ələ keçirən Bero Ndoyeyə əla ötürmə verdi. Hücumçu isə boş qapını nişan almaqda çətinlik çəkmədi - 0:1. İlk hissənin sonlarına kimi meydan sahibləri topa sahib olmada üstün olsalar da, bu, hesabda öz əksini tapmadı.
İkinci hissəyə «Cim-bom» üstünlüklə başladı. Lakin baş məşqçinin səhvləri hesaba da öz təsirini göstərdi. Orta mövqedə hücumu yönləndirən Selçuku daha çox müdafiəmeyilliyi ilə seçilən De Yonqla əvəzləmək nə dərəcədə düzgündür? Özü də hesabda geri olan bir məqamda. Yəqin ki, azarkeşləri də düşündürən budur. Digər tərəfdən Sneyder və Podolski kimi futbolçuların heç nə ilə yadda qalmaması baş məşqçinin onlar haqda bir daha düşünməsinə rəvac verə bilər. Adıçəkilən futbolçuların fiziki cəhətdən bu oyuna hazır olmaması açıq şəkildə görünürdü.
Turun digər matçında "Beşiktaş” evdə "Antalyaspor” klubunu qəbul etdi. Gözlənildiyi kimi, «qara qartallar» bu oyunda asan qələbə qazandılar. Amma ilk hissənin əvvəllərində «Antalyaspor» bir neçə qol imkanını əldən verdi. Meydan sahibləri isə fasiləyədək hesabı aça bildilər. 45+1-ci dəqiqədə Abubakar gözəl qolla komandasını hesabda önə çıxartdı. Qoldan sonra «Antalyaspor»un futbolçusu Dieqonun çoxsaylı etirazı nəticəsində baş hakim tərəfindən qırmızı vərəqə ilə «mükafatlandırıldı». İkinci hissə isə meydan sahiblərinin üstünlüyü şəraitində keçdi. Oyunun 72-ci dəqiqəsində Talişka Quareşmanın əla ötürməsini qapıdan keçirdi. Matçda son nöqtəni də Talişka qoydu - 3:0.
"Karabükspor” - "Başakşəhər” komandalarının oyununda stadiona toplaşmış azarkeşlər də qol cəhətdən darıxmadılar. Hamı bu matçda meydan sahiblərinin yaxşı nəticə qazanacağını gözləyirdilər. Çünki "Karabükspor” 3 ev matçında qələbə qazanmışdılar. Lakin Abdullah Avcinin yetirmələri hazırda turnir cədvəlində liderliyin təsadüfi olmadığını bir daha sübut etdilər. Hesabı oyunun 23-cü dəqiqəsində Emre Belozoğlu penaltidən açdı. İlk hissənin sonlarında qonaqlar daha bir qol vurdular. Mehmet Batdal cərimə meydançası daxilindən vurduğu qolla komandasına qələbə qazandırıb. Son 4 səfər matçında "Başakşəhər”in qol buraxmadan qələbə qazanması onların gücündən xəbər verir.
"Bursaspor” "Alanyaspor” klubunun qonağı oldu. Matç Həmzə Həmzəoğlunun yetirmələrinin inamlı qələbəsi ilə yadda qaldı. Xorkeranın matçın 85-ci və 88-ci dəqiqələrində vurduğu qollar sayəsində bursalılar səfərdən 3 xalla qayıtdılar.
"Rizəspor” doğma azarkeşlər önündə "Gənclərbirliyi” klubu ilə münasibətlərinə aydınlıq gətirdi. Hikmet Karamanın yetirmələri üstün oyun nümayiş etdirərək qələbəni bayram etdilər. Meydan sahiblərinin heyətində Yançer və Kveuke fərqləndilər. Qonaqlar isə yalnız 1 qolla fikayətləndilər - 2:1.
Türkiyə Super Liqası
VIII tur
21 oktyabr
"Rizəspor” - "Gənclərbirliyi” - 2:1
Qollar: Yançer, 13, Kveuke, 82 - Muriqi, 76.
"Qaziantepspor” - "Kayserispor” - 1:2
Qollar: Gilas, 43 - Turuc, 57, 73.
22 oktyabr
"Alanyaspor” - "Bursaspor” - 0:2
Qollar: Xorkera, 85; 88.
"Akhisar” - "Adanaspor” - 1:0
Qol: Rodalleqa, 15.
"Qalatasaray” - "Trabzonspor” - 0:1
Qol: Ndoye, 17.
23 oktyabr
"Karabükspor” - "Başakşəhər” - 0:2
Qollar: Əmrə, 25 (pen.), Məhmət Batdal, 45.
"Osmanlıspor” - "Kasımpaşa” - 1:2
Qollar: Ndiaye, 77 - Pavelka, 50, Adem Büyük, 80.
"Beşiktaş” - "Antalyaspor” - 3:0
Qollar: Abubakar, 45+1, Talişka, 72, 89.
24 oktyabr
21:00 "Konyaspor” - "Fənərbaxça”