Millimiz Belfasta xal qazanmaq üçün gedib

Millimiz Belfasta xal qazanmaq üçün gedib

Bu gün DÇ-2018-in seçmə mərhələsinin Avropa zonasında IV tura start veriləcək. Olimpnews.az saytının məlumatına görə, üç gün davam edəcək turun ilk günündə Azərbaycan millisi də növbəti matçını keçirəcək. Yığmamız Şimali İrlandiya millisi ilə qarşılaşacaq. Ardıcıl ikinci, seçmə mərhələdə üçüncü səfər matçına çıxacaq Robert Prosineçkinin yetirmələri uğurlu seriyalarını davam etdirməyə çalışacaq.

Şimali İrlandiya - Azərbaycan
Hakimlər: Klement Turpin, Nikolas Danos, Siril Qrinqor, Frank Şneyder (hamısı Fransa).
11 noyabr. Belfast. "Vindzor Park” stadionu. Saat 23:45.

İlk üç turda 7 xal toplayan komandamız 2-ci pillədəki mövqeyini qorumaq üçün Belfastdan məğlubiyyətsiz dönməlidir. Bu isə yetərincə mümkün görünür. Komandamızın Belfasta son səfəri də buna sübutdur. Təmsilçimiz 4 il əvvəl DÇ-2014-ün seçmə oyununda "Vindzor Park”ı xalla tərk etmişdi. Həmin görüşdə qələbəni son saniyələrdə əldən verən, təxminən 1 il sonra britaniyalıları Bakıdan məğlub yola salan yığmamız bu dəfə də Şimali İrlandiyadan xalla qayıtmaq niyyətindədir.

Düzdür, irlandiyalıların AÇ-2016-nın final mərhələsinə yüksəlməsi indiki yığmanın daha güclü olduğunu göstərir. Lakin Azərbaycan millisi də tarixinin ən yaxşı dövrünü yaşayır. Komandamızın ilk üç matçda məğlub olmaması da bunu göstərir.
Tarixinin ən uğurlu startına imza atan millimiz qol buraxmadığı və uduzmadığı seçmə mərhələsindəki uğurlu yoluna davam etməyə iddialıdır. San-Marino və Çexiya yığmaları ilə səfər matçlarında 4 xal qazanıb, rəqib meydanında qapısını toxunulmaz saxlayan yığmamız bu dəfə də uduzmasa, pley-offa vəsiqə iddiasını artıracaq.

Millimiz 6 seçmə oyundur evdə uduzmayan rəqibin bu seriyasını qırmağa da cəhd edəcək. Əgər Belfastda qələbə əldə olunsa, mütləq rekord rəsmiləşəcək. Söhbət bir seçmə mərhələdə yığılan xallardan gedir. DÇ-2014-ü 9 xalla tamamlayıb, rekorda imza atan komandamız 3 il əvvəlki nailiyyəti seçmə mərhələ başa çatmamış yeniləyə bilər. Çünki Belfastdakı qələbə hesabımızdakı xalları 10-a çatdıracaq. Təbii ki, istənilən nəticə ilə rekordu yeniləmək şanslarımız növbəti 6 matça qalacaq. Lakin yeni rekordu təxirə salmamaq üçün Robert Prosineçkinin yetirmələri möcüzənin davamını Belfastda gətirməlidirlər.

Yeri gəlmişkən, Azərbaycan millisi tarixində 19-cu dəfə noyabrda meydana çıxacaq. İlk rəsmi matçına 1992-ci ildə çıxan yığmamız 24 ildə 18 dəfə rəsmi matçını bu ay keçirib. Bu rəsmi matçlardan 8-i seçmə, 8-i yoldaşlıq oyunu olubsa, 2 qarşılaşma beynəlxalq turnir çərçivəsində təşkil olunub. Seçmə matçlarından 6-sı Avropa, 2-si dünya çempionatına vəsiqə uğrunda mübarizədə keçirilib. İlin 11-ci ayında 4 qələbə qazanan komandamız ilk uğurunu 1998-ci ildə əldə edib. Həmin vaxt komandamız Estoniya ilə yoldaşlıq oyununda 2:1 hesablı qələbə əldə edib. Gəncədəki uğurun davamı 11 ildən sonra BƏƏ-dəki turnirin Çexiya ilə III yer uğrunda gəlib (2:0). 2011-ci ildə səfərdə Albaniya, ötən il Bakıda Moldovanı sınağa çəkən komandamız qələbələrinin sayını 4-ə çatdırıb.

Bu ay keçirilən seçmə oyunlarında qələbəyə həsrət qalan komandamız ilki Belfastda reallaşdırmaq arzusundadır. Hələlik yığmamız 8 matçdakı iki heç-heçə ilə təsəlli tapıb. Bunlardan biri AÇ-1996-nın 21 il əvvəlki görüşüdür. Polşa ilə matçda yığmamız tarixində ilk seçmə xalını qazanmışdı - 0:0. İkinci heç-heçə isə indiki rəqib - Şimali İrlandiya ilə elə Belfastda qeydə alınıb - 1:1. Digər 6 seçmə oyununda uduzan millimiz yalnız Finlandiyaya qol vura bilib. Bu ayın seçmə matçlarında 2 top vuran komandamız 12-ni buraxıb.

Yığmamızın noyabra təsadüf edən 18 qarşılaşmasından biri ayın 11-də olub. Yəni millimiz ikinci dəfə 11-ci ayın 11-də meydana çıxacaq. 5 il əvvəl Tiranadakı yoxlama matçında millimiz 1:0 hesabı ilə qələbə əldə etmişdi.