Qazaxda şəhidlərin xatirəsinə turnir keçirilib

Qazaxda şəhidlərin xatirəsinə turnir keçirilib




Qazax Olimpiya İdman Kompleksində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə ”Gəncliyin Təşəbbüsü” Maarifləndirmə İctimai Birliyinin "Qəhrəmanlar Unudulmur” adlı layihəsinin icrası çərçivəsində mini futbol turniri keçirilib. Turnir Qazax rayonundan aprel döyüşlərində şəhid olmuş Mühüd Orucov, Elvin Namazov və Orxan Əliyevin xatirəsinə həsr edilib.

"Olimpnews.az" xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə aprel döyüşlərində həlak olmuş bütün şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. "Gəncliyin təşəbbüsü maarifləndirmə” İctimai Birliyinin sədri, layihənin təşkilatçısı Azər Əliyev çıxış edərək keçirilən turnirin məqsəd və əhəmiyyətindən danışıb. Onun sözlərinə görə, turnirin keçirilməsində əsas məqsəd rayon gənclərinin asudə vaxtlarının düzgün və səmərəli təşkil edilməsi, aprel döyüşlərində həlak olmuş şəhidlərimizin əziz xatirəsinin yad edilməsi, uşaq və gənclərdə vətənpərvərlik hisslərinin aşılanması və sağlam həyat tərzinin təbliğ olunmasından ibarətdir. Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Məhəmməd Orucov, "N” saylı hərbi hissənin komandir müavini İlqar Abbasov, ehtiyatda olan baş leytenant, Qarabağ qazisi Kamil Musavi və başqaları iştirak ediblər.

Məlumat üçün bildirək ki, 10 gün ərzində gərgin idman mübarizəsi şəraitində keçən turnirdə ümumilikdə Qazax və Ağstafa rayonlarından 22 komandanın 220 idmançısı iştirak edib. Final qarşılaşması "N” saylı hərbi hissənin "Hərbçilər” və Ağstafa rayonundan olan "Qarabağ” komandası arasında olub. Qalib komanda adına isə 6-3 hesabı ilə "Hərbçilər” komandası layiq görülüb. Qazax Dövlət Sosial İqtisadi Kollecin komandası isə III yerə çıxıb. Qazax Olimpiya İdman Kompleksində keçirilən final tədbirində idarə, müəssisə və təşkilat rəhbərləri, idmançılar, gənclər, "N" saylı hərbi hissənin əsgərləri, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.
Turnirdə müxtəlif nominasiyalar üzrə iştirak edən idmançılara diplom və medal təqdim olunub. Qalib komandanın üzvləri qazandıqları medalları şəhidlərimizin analarına təqdim ediblər.