
Bugünlərdə «Neftçi»nin SSRİ çempionatında bürünc medal qazanmasının 50 illiyi tamam oldu. Olimpnews.az saytının məlumatına görə, bu münasibətlə Futbol üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Məktəbində tədbir keçirildi. Tədbirdə məktəbin direktoru, Şöhrət ordenli veteran futbolçu Kazbek Tuayev, "Neftçi" Peşəkar Futbol Klubunun Müşahidə Şurasının sədri, tanınmış yazıçı Çingiz Abdullayev, veteran futbolçu Səməd Qurbanov və digər tanınmış şəxslər iştirak edirdilər.

Görüşdə «Neftçi» klubunun keçmişi və bu günü barəsində səmimi söhbət olundu. Kazbek Tuayev 1966-ci ildə əldə olunan bürünc medal haqda xatirələrini bölüşdü: «1966-cı ildə mövsümü bürünc medalla başa vuran "Neftçi” mükafatı noyabrın 30-da keçirilən son turda təmin etdi. Yaxşı yadımdadır, Moskva "Spartak”ı ilə ev oyununa 3-cü yerin sahibi kimi çıxmışdıq. Öz mövqeyimizi qorumaq üçün bizə 1 xal da kifayət edirdi. Amma rəqibi 3 cavabsız qolla məğlub etdik. Sevinirəm ki, Azərbaycan futbolunun SSRİ dövründə qazandığı ən yüksək nailiyyətdə mənim də payım var».

Çingiz Abdullayev Azərbaycan futbolunun inkişafında «Neftçi» klubunun xüsusi rolu olduğunu qeyd etdi. Həmin günləri yada salan Çingiz müəllim uşaqlıq illərindən «Neftçi»yə azarkeşlik etdiyini bildirdi. «Mən hər zaman futbolu sevmişəm. «Neftçi» isə mənim ən yüksəkdə dayanan klublardan biri olub və bu gün də belədir. Yaxşı yadımdadır, kiçik yaşlarımdan «Neftçi»nin oyunlarını stadionda həvəslə izləyərdim. Keçirdiyi bütün oyunlarda doğma komandamın qələbəsini gözləyərdim. Gənclik illərimdə də sevimli klubumun bütün oyunlarını izləməyə çalışırdım. Komandamızın SSRİ çempionatında əldə etdiyi bürünc medal bütün həmvətənlərimizə sevinc bəxş etdi. Mən əminəm ki, «Neftçi» klubu Anatoli Banişevski, Kazbek Tuayev, Səməd Qurbanov kimi usta futbolçuların ənənəsini davam etdirəcək. Komandamızın çempionluq uğrunda mübarizə aparacağına inanıram», - deyə Çingiz Abdullayev əlavə etdi.
Sonda xatirə şəkli çəkdirildi.