Rəşad Sadıqov: “Heç vaxt ağlıma gəlməzdi ki, 34 yaşımda ilin futbolçusu seçilərəm” - MÜSAHİBƏ

Rəşad Sadıqov: “Heç vaxt ağlıma gəlməzdi ki, 34 yaşımda ilin futbolçusu seçilərəm” - MÜSAHİBƏ

2016-cı ildə jurnalistlər arasında keçirilən sorğu əsasında ilin futbolçusu seçilən "Qarabağ” və Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov "Olimpiya dünyası” qəzetinin suallarını cavablandırdı. 34 yaşlı müdafiəçi ötən ildə əldə olunan nəticələri dəyərləndirdi.

- Başa çatan 2016-cı il xatirənizdə necə yadda qaldı?

- Ötən il, həqiqətən də, mənim üçün uğurlu keçdi. "Qarabağ” klubunun heyətində həm çempion oldum, həm ölkə kubokunu qazandım, həm də Avropa Liqasının qrup mərhələsində iştirak etdim. Millinin heyətində isə 4 oyuna 7 xal topladıq və qrupdan çıxmaq şansımızı saxladıq. Düşünürəm ki, ötən il karyeramın bəlkə də ən uğurlu illərindən biri oldu. "İlin oyunçusu” adına layiq olan çox futbolçu var idi. Mənə səs verib, bu yerə layiq görən insanlara minnətdarlığımı bildirirəm. Komanda şəklində əldə olunan nəticələrin daha önəmli olduğunu desək də, hər bir futbolçu fərdi şəkildə də belə uğurları əldə etmək istəyir. 34 yaşda bu ada layiq görülmək daha xoşdur. Həm klubda, həm də millidəki komanda yoldaşlarıma minnətdaram. Onlarsız nəyisə əldə etmək mümkün deyildi. "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov və millinin çalışdırıcısı Robert Prosineçkinin əməyi danılmazdır.

- Siz kimi ötən ilin ən yaxşı oyunçusu seçərdiniz?

- 2016-cı ildə özlərini yaxşı tərəfdən göstərən futbolçu çox oldu. Qara Qarayev, Maksim Medvedev, Kamran Ağayev və Rəşad Sadiqovu birinciliyə layiq görərdim.

- Messi və Ronaldonu müqayisə edərkən kimi üstün görürsünüz və nəyə görə?

- Zövq deyilən bir şey var ki, fikir ayrılığı ondan irəli gəlir. Son illərdə Ronaldoya simpatiyam artıb. Uğurlar əldə etməsinə baxmayaraq, daima işinə ciddi yanaşır. Sırf futbolçu kimi götürsək, Messini daha üstün tuturam. Amma meydançada son illərdə Ronaldo daha istəklidir və bunun bəhrəsini həm Avropa çempionu, həm Çempionlar Liqasının, həm də klublararası dünya çempionatının qalibi olmaqla gördü. Məncə, Messi daha yaradıcı və gözəl futbolçudur.

- 34 yaşında ilin futbolçusu seçildiniz. Bəzən adama elə gəlir ki, Rəşad Sadıqov gündən-günə cavanlaşır...

- Çox xoş haldır. Sözün düzü, heç vaxt ağlıma gəlməzdi ki, 34 yaşımda ilin futbolçusu seçilərəm. Sonuncu dəfə 32 yaşımda ilin ən yaxşı oyunçusu adına layiq görüləndə bir daha bu ada layiq görülməyəcəyimi düşünürdüm. Çünki yaş öz sözünü deyir. Cavan yaşlarımdan qarşıma məqsəd qoymuşdum ki, 4 dəfə ilin futbolçusu seçilim. 3 dəfə bu ada layiq görülən Samir Ələkbərovun rekordunu yeniləmək istəyirdim. Mənim üçün 4 dəfə bu uğura imza atmaq çox önəmli idi. Bu, idman prinsipləridir. Amma 34 yaşımda, 5-ci dəfə ilin futbolçusu seçiləcəyimi gözləmirdim.

- Rəşad Sadıqov üçün ötən ilin ən gərgin, unudulmaz anı hansı idi?

- Norveç millisi ilə oyun bizim üçün gərgin keçdi. Bundan başqa, "Höteborq”la matçı da qeyd edərdim. Onlara qalib gəlib mərhələni adlamasa idik, bəlkə də, "Qarabağ”da vəziyyət heç də yaxşı olmazdı. Həmin görüşdə vurduğum qol və Norveçlə oyundakı bəzi gərgin vəziyyətlər ötən ilin unudulmayacaq anları idi.

- Necə düşünürsünüz, ilin futbolçusu seçilməyinizdə "Qarabağ”dakı oyununuz həlledici rol oynadı, yoxsa millidəki?

- Təbii ki, paralel olaraq, hər iki komandadakı oyunum rol oynadı. Fikrimcə, laureat ilboyu stabil oyun nümayiş etdirməlidir. Komanda şəklində qazandığı nəticələr də çox önəmlidir.

- Millimiz seçmə mərhələnin əvvəlində azarkeşləri sevindirdi. 2017-ci ildə də bunu edə biləcəksizmi?

- Əlimizdən gələni edəcəyik. Düşünürəm ki, öz meydanımızda Şimali İrlandiya yığması ilə matç bizim üçün finala bərabər oyun olacaq. Almaniya komandasına qarşı da mübarizə aparacağıq. Amma qrupun gərgin görüşü Şimali İrlandiya ilə matçdır. Əgər həmin oyunda 3 xal qazana bilsək, növbəti matçlarda nəyəsə ümid edə bilərik.
Rahib Səmədov