Çempionlar Liqasının finalı Bakıda?

Çempionlar Liqasının finalı Bakıda?

UEFA Çempionlar Liqasının (ÇL) finalı Bakıda keçirilə bilər. AFFA 2018/19-ci illər mövsümünün həlledici görüşü ilə bağlı UEFA-ya müraciət edib.

Olimpnews.az saytının məlumatına görə, yerli futbol qurumu Bakı Olimpiya Stadionunun həm Çempionlar Liqası, həm Avropa Liqasının finalını qəbul etməsində maraqlıdır.

2019-cu ildə təşkil olunacaq həlledici qarşılaşmalara namizədlərin siyahısını açıqlayan UEFA Çempionlar Liqası üçün 2, Avropa Liqası üçün 7 iddiaçının sifarişini qəbul edib. Qitənin ən nüfuzlu klub turnirinin finalına Bakı Olimpiya Stadionu ilə yanaşı, İspaniya paytaxtı Madrid də iddia edir. Bu şəhərin "Estadio Metroplitano” stadionu da final görüşünü keçirmək arzusundadır.

2019-cu ildə keçiriləcək Çempionlar Liqasının final oyununun Bakıda baş tutması Azərbaycan futbolu üçün önəmli hadisələrdən biri ola bilər. Madrid şəhərinə nisbətən, Bakının şansları yüksək qiymətləndirilir. Birinci və ən böyük üstünlük Olimpiya stadionumuzun artıq neçə vaxtdır fəaliyyət göstərməsidir. Arena bir sıra mötəbər yarışlar - I Avropa Oyunları, U-17-lərin qitə çempionatı, həmçinin millinin seçmə oyunlarını qəbul edib və bütün sınaqlardan üzüağ çıxıb.

Madriddəki arena 1923-cü ildə inşa olunub. Hazırda yenidən tikilən stadionun hələ açılışı olmayıb. UEFA-nın yekun qərarını verəcəyi payıza kimi arenada mötəbət yarış keçirilməyəcək. Düzdür, stadionun sahibi olan "Atletiko” oyunlarını burada keçirməyə başlayacaq. Amma arenanın nə vaxt və necə hazır olacağı hələ bilinmir. İlin ikinci yarısında gözlənilən açılış yubana da bilər. 270 milyon avroya başa gələn "Estadio Metroplitano” stadionu artıq 3 ildir ki, tikilir və 73 min 729 tamaşaçı tutacaq.

Bakının daha bir üstünlüyü ondan ibarətdir ki, ölkəmiz heç vaxt Çempionlar Liqasını qəbul etməyib. Madrid isə indiyədək ÇL-in 4 finalının ev sahibi olub. 1957-ci, 1969-cu, 1980-ci və 2010-cu illərdə ÇL-in final görüşləri "Santyaqo Bernabeu” stadionunda keçirilib. Yəqin ki. UEFA həlledici oyunun 5-ci dəfə eyni şəhərə verilməsindən daha çox, qarşılaşmanın yeni şəhərə həvalə olunmasına üstünlük verəcək.

Əgər oyun Bakıya verilsə, MDB məkanında 3-cü dəfə Çempionlar Liqasının qalibinə kubok təqdim olunacaq. Hələlik ilk belə hadisə 2008-ci ildə Moskvadakı "Lujniki”də qeydə alınıb. Gələn il isə Kiyevin Olimpiya stadionu finala məkan olacaq.

Çempionlar Liqası arzusu gerçəkləşməsə, Bakı Avropa Liqasının finalını da qəbul edə bilər. Bu matça Bakı ilə yanaşı, Tiflisdə "Dinamo Arena” (Gürcüstan), Frankfurtda eyniadlı stadion, Ştutqartda "Ştutqart Arena” (hər ikisi Almaniya), Qlazqoda "Hampden Park” (Şotlandiya), Sevilyada "Ramon Sançes Pisxuan” stadionu (İspaniya) və İstanbulda "Beşiktaş Arena” (Türkiyə) da namizəddir.

Qeyd edək ki, final oyunlarının ev sahibinin adına bu ilin sentyabrında aydınlıq gələcək.