Azərbaycan dövlətinin qurucusu, xalqımızın dahi oğlu Heydər Əliyev hərb sənətində tarixi ənənələrə malik olan ölkəmizdə milli hərbi kadrların yetişdirilməsi məsələsini daim diqqət mərkəzində saxlayıb. Ulu öndər Azərbaycan ordusunda milli zabitlərimizin yer almasına böyük əhəmiyyət verirdi. Ümummilli lider xalqımızın qəhrəman oğullarından olan hərbi sərkərdələrin xatirəsini əbədiləşdirmək istiqamətində də əvəzsiz addımlar atıb. Heydər Əliyevin birinci hakimiyyəti dövründə Azərbaycan KP Mərkəzi Komitəsinin bürosunun "Cəmşid Naxçıvanskinin xatirəsini əbədiləşdirmək haqqında” qəbul etdiyi qərar ən böyük addımlardan biridir. Qərarda qeyd olunurdu ki, yeni yaradılacaq hərbi təyinatlı respublika orta internat məktəbinə Cəmşid Naxçıvanskinin adı verilsin. 1938-ci ildə repressiya qurbanı olmuş Azərbaycanın görkəmli oğlunun, şöhrətli general, xan nəslinə mənsub Cəmşid Naxçıvanskinin adını əbədiləşdirməklə Heydər Əliyev vətənin, millətin ləyaqətli övladına bəraət qazandırdı. Bu qərarla C. Naxçıvanski təkcə respublikada deyil, bütün keçmiş Sovet İttifaqında tarixi şəxsiyyət, hərbi xadim kimi yaxından tanındı. O dövr üçün bu, çox cəsarətli bir addım idi. 1971-ci ilin iyun ayında Azərbaycan KP MK bürosu "C.Naxçıvanski adına Respublika Hərbi Təyinatlı Orta İnternat Məktəbinin yaradılması haqqında” xüsusi qərar qəbul etdi. Yeni yaradılmış məktəbi həmin ilin noyabr ayında ziyarət edən Heydər Əliyev buradakı yığıncaqda geniş nitq söyləyərək demişdir: "Orduda azərbaycanlı zabitlərin sayı kifayət qədər deyildir. Biz bütün millətlərə sübut etməliyik ki, azırbaycanlılar Xəzərin dibindən "qara qızıl” çıxardıqları kimi, tarlalarda bol məhsul yetişdirikləri kimi, elmin, texnikanın ən mühüm nailiyyətlərinə yiyələndikləri kimi, həm də hərb sahəsində böyük istedada malikdirlər. Odur ki, yerli millətdən olan gəncləri, yeniyetmələri hərbi məktəblərə daxil olmaq və silahlı qüvvələrin zabit korpusunda xədmət üçün hazırlamaq ən ümdə vəzifəmizdir”.
Moskva isə Heydər Əliyevin Azərbaycanda milli hərbi kadrların xüsusi məktəbdə yetişdirilməsi təşəbbüsünü və respublika KP MK Bürosunun qərarını böyük narazılıqla qarşıladı. Təsadüfi deyil ki, bir neçə dəfə məktəbə SSRİ Maarif Nazirliyindən yoxlama komissiyaları göndərildi, məktəbin fəaliyyətinin qeyri-qanuniliyi vurğulanaraq, hətta onun bağlanması təşəbbüsü də irəli sürüldü. Lakin vətənpərvər bir insan olan Heydər Əliyevin qətiyyəti və məntiqi arqumentləri hərbi məktəbi qorudu və bir neçə ildən sonra bu məktəbin şan-şöhrəti bütün Sovet İttifaqına yayıldı.
Heydər Əliyev 1972-82-ci illər ərzində hər il C.Naxçıvanski adına hərbi məktəbi ziyarət edərək müəllim-zabit heyəti və kursantlarla görüşmüş, problemlərlə maraqlanmış, hər hansı bir çatışmazlığın dərhal aradan qaldırılması qayğısına qalmışdır. Bütün bunlar burada təhsil alan gənclərimizi daha da həvəsləndirmiş, onların vətənpərvər ruhda yetişməsnə əvəzsiz kömək etmişdir. 1982-ci ilin noyabrından Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi Moskvada işə başlayan Heydər Əliyev özünün doğma övladı hesab etdiyi bu məktəbi daim diqqət mərkəzində saxlamışdır.
1984-cü ildə Bakıya gələn Heydər Əliyev C.Naxçivanski adına Respublika Hərbi Təyinatlı Orta Məktəbini ziyarət edərək müəllim-zabit heyəti və kursantlarla səmimi görüş keçirmiş, məktəbin 15 illiyinin yüksək səviyyədə, layiqincə qeyd olunması barədə respublika rəhbərliyinə müvafiq tapşırıqlar vermişdir.
Ümummilli liderin xalqımıza bəxş etdiyi C. Naxçivanski adına Hərbi Lisey Azərbaycan ordusu üçün milli kardlar yetişdirən ən böyük hərbi məktəblərdən biridir. Burada hərb sənətinin sirlərinə yiyələnən yüzlərlə zabit hazırda vətənimizin keşiyində dayanır.
Məktəblilərin hərb sənətinə marağını artırmaq, onlara hərbi-vətənpərvərlik hisslərini aşılamaq dövlətimizin əsas prioritetlərindən biridir. Bu məqsədlə ölkəmizin hər bir guşəsində hərbi-idman oyunları keçirilir. Məktəblilər öz bacarıqlarını bu yarışlarda nümayiş etdirirlər. Gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsində müstəsna əhəmiyyəti olan "Cəsurlar” hərbi-idman və turizm oyununun təşkil olunması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu ilin yanvar ayında start götürən yarışın həlledici mərhələsi apreldə başa çatdı. Final yarışlarının məhz Cəmşid Naxçıvanski adına Hərbi Liseydə keçirilməsi mühüm əhəmiyyət daşıyırdı. Yarış iştirakçıları Cəmşid Naxçıvanskinin büstü önünə əklil qoydular.
Mərasimdə liseyin rəisi, general-mayor Mirzə Almasov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, təhsil nazirinin müavini Qulu Novruzov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini general-mayor Novruzəli Orucov və başqaları çıxış edərək gənc nəslin hərbi-vətənpərvərlik ruhunda yetişməsində, onların hərbi və fiziki hazırlığında, vətənə məhəbbət hisslərinin aşılanmasında "Cəsurlar” hərbi-idman və turizm oyununun əhəmiyyətindən danışdılar.
Bildirildi ki, yarışların məqsədi yeniyetmələrin və gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi işinin daha da gücləndirilməsi, orta məktəb şagirdlərini hərbi-idman oyunlarına geniş cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasından ibarətdir.
Çıxış edənlər yarışın final mərhələsinin məhz hərbi liseydə, yüksək səviyyədə keçirilməsinin heç də təsadüfi olmadığını vurğuladılar. Qeyd olundu ki, ulu öndər Heydər Əliyevin xalqımıza bəxş etdiyi ən böyük töhfələrdən biri də C.Naxçıvanski adına Hərbi Liseydir. Sovet dövründə belə bir hərbi məktəbin Azərbaycanda yaradılması ümummilli liderin uzaqgörən siyasəti nəticəsində mümkün olub. Bu lisey Azərbaycan üçün qəhrəman zabitlər yetişdirib.
Tədbirdə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna xüsusi diqqət və qayğı göstərdiyi vurğulandı, dövlətimizin gənclər siyasətində hərbi-vətənpərvərlik sahəsinin mühüm yer tutduğu diqqətə çatdırıldı.
Natiqlər "Cəsurlar” hərbi-idman oyununun bütün mərhələlərini keçmiş, sabahın əsgər və zabitləri olacaq gəncləri finala vəsiqə qazanmaları münasibətilə təbrik etdilər və həlledici mərhələdə mübarizə aparanlara uğurlar arzuladılar.
Respublika finalına hərbi liseyin kursantlarının təntənəli marş və mahnı sədaları altında nümunəvi keçidi ilə start verildi.
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən yarışda paytaxt və bölgələrdən yeddinci və səkkizinci sinif şagirdlərindən ibarət 19 komanda birincilik uğrunda mübarizə apardı.
İki mərhələdən ibarət olan yarışın birinci mərhələsində komandalar təntənəli marşla, mahnı sədaları altında tribuna önündən keçdilər və onların sıra hazırlığının səviyyəsi yoxlanıldı.
Yarışın ikinci mərhələsində isə "cəsurlar” müxtəlif sınaqlardan, sədlərdən keçmək və maneələri dəf etməklə öz fərdi bacarıqlarını nümayiş etdirdilər.
Sonda yarışların yekun nəticələri elan olundu və qalib komandalar mükafatlandırıldılar. Turnirin qalibi adını "Xətai” komandası qazandı. İkinci pilləni "Suraxanı” komandası tutdu. "Ağsu” "cəsurlar”ı 3-cü oldular.
Tədbir başa çatdıqdan sonra bu sahənin mütəxəssisləri gənc nəslin vətənpərvərlik tərbiyəsi ilə bağlı fikirlərini bildirdilər.
Mirzə Almasov (Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi, general-mayor):
- Vətənpərvərlik tərbiyəsi əsasən ailədən başlayır. Valideynlər bu hissləri uşaqlarına aşılamalıdırlar. Ondan sonra məktəb gəlir. Düşünürəm ki, məktəblərdə vətənpərvərlik mövzusunda tez-tez tədbirlər keçirilməlidir. Azərbaycanın 123 nəfər Milli Qəhrəmanı var. Onların şücaətləri barədə kifayət qədər kitab yazılıb. Bu kitablardan məktəblərdə istifadə etmək vacibdir. Vətənpərvərlik tərbiyəsi ilə bağlı xüsusi gecələr keçirmək lazımdır. Hər bir rayonumuzdan və şəhərimizdən Qarabağ müharibəsində şəhid olanlar var. Regionlardan olan şəhidlər haqqında uşaqlara məlumat vermək, döyüş iştirakçıları ilə görüşlər təşkil etmək, videosüjetlər göstərmək gənclərimizə vətən sevgisi aşılayar. Hesab edirəm ki, şəhidlərin valideynləri, həyat yoldaşları və uşaqları ilə görüş keçirmək də lazımdır. Bu, mütəmadi xarakter almalıdır.
Bu gün Cəmşid Naxçıvanski adına Hərbi Liseydə "Cəsurlar” hərbi-idman və turizm oyununun respublika final yarışları keçirilir. Bu yarışlar gənc nəslin hərbi hazırlığında əhəmiyyətli rol oynayır. Təqribən 35 il qabaq mən də belə yarışlarda iştirak etmişəm. Həmin vaxtlarda öyrəndiklərim bu günə qədər mənim yadımda qalıb. Xatırlayıram ki, həmin vaxt bizim komanda finala yüksələ bilməmişdi. Bugünkü finalçılar, məncə, həlledici mərhələdə mübarizə apardıqları üçün özlərini xoşbəxt saymalıdırlar. "Cəsurlar” hərbi-idman oyunları böyük əhəmiyyətə malikdir. Belə turnirlərin keçirilməsi uşaqlarda vətənpərvərlik hisslərini daha da inkişaf etdirir, onlara milli mənlik şüuru aşılayır. Final mərhələsinin hərbi liseydə keçirilməsi iştirakçıların həvəsini daha da artırır. Şübhəsiz ki, məktəblərdə də belə yarışlara ciddi yanaşmaq, daha çox iştirakçı cəlb etmək lazımdır. Belə olan təqdirdə həm şagirdlərin arasında seçim aparmaq asan olur, həm də turnir daha maraqlı keçir. Şagirdlərə məktəbdə çağırışa qədər ibtidai hərbi hazırlıq fənni tədris edilir. Bu fənn uşaqlara 9-cu sinifdən sonra keçirməyə başlanır. Düzdür, "Cəsurlar” hərbi-idman oyunlarında 6 və 7-ci sinif şagirdləri mübarizə aparırlar. Bunu nəzərə alaraq, hesab edirəm ki, məktəblərdəki hərbi müəllimlər komandalarda iştirak edən şagirdlərlərlə yarışlardan əvvəl məşğul olmalı, onları təlimatlandırmalı və bəzi şeyləri öyrətməlidirlər. "Cəsurlar” və "Şahinlər” hərbi-idman oyunlarında iştirak edən şagirdlər arasında böyük fərq var. Belə ki, "Şahinlər” hərbi-idman oyunlarında iştirak edən şagirdlər orta məktəbdə hərbi dərslər keçirlər. Amma "cəsurlar”a bu fənn tədris olunmur. Məhz buna görə də, "cəsurlar”a daha diqqətlə yanaşmaq lazımdır. Qeyd etmək istərdim ki, Azərbaycan milli idman oyunları da şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsi işində müəllim-şagird münasibətlərinə mühüm təsir edir. Müəllimin, xüsusən idman müəlliminin hərbi-vətənpərvərlik tərbiyəsinə daha yaxşı bələd olması, milli idman oyunlarının keçirilməsi zamanı uşaqlara səmimi münasibət göstərməsi vacibdir. Danılmaz faktdır ki, böyüklərə hörmət, tələbkarlıq prinsipinə əməl etmək, obyektiv olmaq, ləyaqət və humanizm kimi əxlaqi keyfiyyətləri uca tutmaq şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsinə çox güclü təsir göstərir.
Asəf Teymurazov ("Göygöl” komandasının rəhbəri):
- "Cəsurlar” hərbi-idman oyunlarının final mərhələsi yüksək səviyyədə keçir. Təşkilatçılıq səviyyəsi idealdır. Qalib adı uğrunda mübarizədə uşaqlar bütün bacarıqlarını göstərməyə çalışırlar.
Hesab edirəm ki, gənclərlə hərbi mövzuda yalnız söhbətlər aparmaqla kifayətlənmək olmaz. Onlara əyani vasitələrdən istifadə etməyi öyrətmək və tez-tez yarışlarda iştirak üçün şərait yaratmaq lazımdır. Rəhbərlik etdiyimi komanda final mərhələsindəki inamlı çıxışı ilə yadda qaldı. Onlar hələ 6-cı sinifdə oxuyurlar. Bu, şagirdlərin ilk yarışı idi və onlar bir az həyəcanlı görünürdülər. Ümid edirəm ki, gələcək yarışlarda daha yaxşı nəticə əldə edəcəklər.
Şagirdlər belə tədbirlərə böyük həvəslə yanaşırlar. Rayonumuzun məktəblərində təhsil alan yüzlərlə şagirdin arasından 7 nəfər seçərək, final mərhələsinə gətirmişik. Bu, məktəblər arasında rəqabətin olmasından xəbər verir. Rəqabət artdıqca uşaqlarda olan vətənpərvərlik hissi daha yüksək səviyyədə özünü büruzə verir. Bu amil yarışın maraqlı və rəngarəng keçməsinə öz müsbət təsirini göstərir.
Solmaz Həsənova ("Samux” komandasının rəhbəri):
- Komandamız yarışa yüksək səviyyədə hazırlaşıb. Finala yüksəlmək üçün 4 mərhələdən keçmişik. Mingəçevirdə keçirilən zona yarışlarında 1-ci yeri tutaraq, həlledici mərhələyə vəsiqə qazanmışıq. Komandamızın şagirdlərinə vətənpərvərlik ruhunu yüksək səviyyədə aşılamışıq. Bununla da, biz balaca əsgərlərimzi yetişdiririk. Bu uşaqlar böyüyəndə "Şahinlər” komandasına qəbul olunacaqlar. Xüsusilə qeyd etmək istərdim ki, şagirdlərimizin arasında ali hərbi məktəbinə hazırlaşanlar çoxluq təşkil edir. Doğurdan da, məktəblərdə hərbi-vətənpərvərlik tərbiyəsinin yüksək səviyyədə aşılanması gələcəkdə sağlam ruhlu və əqidəli gənclərin üzə çıxmasına şərait yaradır. Bizim məktəbimiz bu sahədə yüksək nəticələr əldə edib. Dərs dediyimiz şagirdlərin əksəriyyəti indi zabit kimi vətənimizin keşiyində dayanır. Belə şərəfli missiyanı həyata keçirdiyimizə görə qürur hissi duyuruq. Təcrübəmə əsaslanaraq deyə bilərəm ki, şagirdlərə aşağı yaşlarından hərbi-vətənpərvərlik hissini aşılamaq lazımdır. Çünki onlar böyüdükcə vətənə olan sevgiləri daha da artır. Bizim rayonun şagirdləri bu ruhda gözəl tərbiyə alırlar. Ümumiyyətlə, uşaqlarda vətənpərvərlik hissləri yüksək olanda onlar belə yarışlarda qürurla çıxış edir, yüksək nəticələr qazanır və gələcəkdə ölkəsinin müdafiəsində bir əsgər kimi qulluq etməyə hazır olurlar.
İstərdim ki, hərbi-vətənpərvərlik tərbiyəsi ilə bağlı mövzuları özündə əks etdirən dərs vəsaitlərinin məktəblərə verilməsi daha da artırılsın. Əyani vəsaitlər də, məktəblərdə azlıq təşkil edir. Məsələn, "Şahinlər” hərbi-idman oyunlarını keçirərkən şagirdlərimiz silahın sökülüb-yığılması mərhələsində əziyyət çəkirlər. Bunun da əsas səbəbi məktəbimizdə silahın olmamasıdır. Məktəblərə əyani vəsaitlər verilməlidir ki, onlar hərbi xidmətə hazırlaşarkən bu sahədə müəyyən qədər bilikləri olsun, orduda bəzi çətinliklərin öhdəsindən asanlıqla gəlsinlər. Əgər sadaladığım amillər öz həllini tapsa, vətənin müdafiəsi üçün daha layiqli şagirdlər yetişdirə bilərik.
Mübariz Mərdanov ("Sumqayıt” komandasının rəhbəri, ehtiyatda olan mayor):
- Belə yarışlar ənənəvi olmalıdır. Çünki bu cür turnirlər uşaqlarımızın vətənpərvərlik ruhunda böyüməsinə şərait yaradır, onlarda vətənə sevgi və dövlətə sadiqlik hissi formalaşdırır. Bundan başqa, uşaqlar "Sağlam bədəndə sağlam ruh” devizi ilə yarışlarda fiziki hazırlıqlarını da yüksəldirlər. Bildiyiniz kimi, uşaqlar final mərhələsinə qədər bir neçə prosesdən keçirlər. Həlledici mərhələyə qədər gəlib çıxmaq özü bir qələbədir. Ona görə ki, bütün zonaların məhz qalib komandaları finalda iştirak etmək hüququ qazanırlar. Belə turnirlərdə qazanılan təcrübə gənc nəslimizin həm ordu sıralarında xidmətinə, həm də gələcəkdə bir vətəndaş kimi yetişməyində böyük rol oynayır.
Orta məktəblərdə diskusiyaların keçirilməsi, Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri ilə görüşlərin təşkili, Fəxri xiyaban və Şəhidlər xiyabanına ziyarətlər uşaqlarda vətənpərvərlik hisslərini artırır. Əsas odur ki, bu hisslər onların daxilindən gəlsin. Buyaxınlarda Sumqayıt şəhərinin məktəbliləri ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı hərbi paradda iştirak edəcəklər. Bu tədbirin şagirdlərin vətənpərvərlik ruhunda böyüməsində əvəzsiz rolu olacaq.
Qeyd edim ki, hərb sənətinə olan sevgi uşaqlara məktəb dövründən aşılanmalıdır. Həmçinin uşaqların fiziki hazırlığına da diqqət yönəldilməlidir. Çünki hərbi-idman oyunlarında dözümü olan şagird bütün mərhələlərdə uğurlu çıxışı ilə yadda qalır. Bundan başqa, orta məktəb müəllimlərinin üzərinə də ağır yük düşür. Çünki fənnindən asılı olmayaraq, hər bir müəllim dərsin müəyyən hissəsini vətənpərvərlik mövzularına həsr etməlidir. Biz yaddan çıxartmalı deyil ki, bizim 20 faiz torpağımız işğal altındadır. Onları geri qaytarmalıyıq. Vətənimizin torpaqları uğrunda canlarını fəda edən oğullarımız barədə tez-tez söhbətlər aparılmalıdır ki, gənc nəsil həmin qəhrəmanlardan örnək götürsün. Gənclər öz vətənlərini sevməli və dərslərinə ciddi yanaşmalıdırlar. Bu amil onların gələcəkdə bir vətəndaş kimi formalaşmasında böyük əhəmiyyət daşıyır.
Mustafa Ələkbərov ("Neftçala” komandasının rəhbəri):
- Gənclərin vətənpərvərlik, dövlətimizə və xalqımıza məhəbbət ruhunda tərbiyə edilməsi ən mühüm sahələrdən biridir.
Bütün tərbiyə işini həyatla əlaqələndirmək üçün məktəb ictimai inkişaf qanunlarını şagirdlərə başa salmalı, məktəbliləri xalqımızın adət ənənələrinə hörmət ruhunda tərbiyələndirməli, onlarda yüksək vətənpərvərlik hissini inkişaf etdirməlidir. Eyni zamanda, məktəbliləri vətənin müdafiəsinə hazır olmaq ruhunda tərbiyə etmək, milli dəyərlərimizə zidd təzahürlərə qarşı qətiyyətli mübarizə aparan insanlar kimi formalaşdırmaq lazımdır. Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və onlarda vətənpərvərlik hisslərinin tərbiyəsi istiqamətində rayonumuzun məktəblərində lazımi işlər aparılır. Uşaqlarla Vətəni necə qorumaq və sevməyə dair mövzularda söhbətlər edirik. Vətənpərvərlik hissinin yaradılmasında əhəmiyyətli rol oynayan belə tədbirlərin keçirilməsi alqışalayiqdir. Uşaqların əsgər forması geyinərək, yarışda iştirak etməsi, onların bir anlıq özlərini əsgər kimi hiss etməsinə şərait yaradır. Ona görə də, belə tədbirlər gənc nəslin vətənpərvərlik ruhunda böyüməsinə öz müsbət təsirini göstərir.
Şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsində sinifdənxaric və məktəbdənkənar işlərin forma və üsulları müxtəlif və rəngarəng olmalıdır. Yəni Azərbaycan ordusunun yaradılması günü kimi bayram tədbirlərinə hazırlıq görülməli və təntənəli surətdə qeyd edilməli, hərbi hissələrə, döyüş yerlərinə, qəhrəmanların abidələrinə ekskursiyalar təşkil olunmalı, Qarabağ müharibəsinin veteranları və Azərbaycan ordusunun nümunəvi əsgərləri ilə görüşlər keçirilməlidir. Hərbi-vətənpərvərlik mövzularında görüşlər, söhbətlər, ədəbi-bədii gecələr, müzakirələr keçirmək, şəkilli albomlar, fotosərgilər, fotoalbomlar təşkil etmək və sairə ən təsirli formalardır. Biz məktəbimizdə bu formaların hər birindən müntəzəm istifadə edirik ki, bunlar da şagirdlərdə hərbi-vətənpərvərlik tərbiyəsini qüvvətləndirməyə səbəb olur.
Yeri gəlmişkən deyim ki, vətənpərvərlik hisslərini aşılamaq bilavasitə ailədən başlayır. Sonra uşaqlar məktəbə gedəndə bütün məsuliyyət müəllimlərin üzərinə düşür. Müəllimlər də öz məsuliyyətlərini başa düşməli, şagirdlərə Vətəni qorumağa, onu sevməyə və hər qarışı uğrunda mübarizə aparmağa hər zaman hazır olmağa ruhlandırmalıdırlar. Bu, müəllimlərin üzərinə düşən əsas işlərdən biridir.
Rahib Səmədov
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyi ilə çap edilir.