İdman sağlamlıq üçün effektiv vasitələrdən biridir. İnsanlar idmanı sevdikləri qədər əyləncəyə də meyillidirlər. Hər iki hissi birlikdə yaşamaq isə ayrı zövq verir. Qolf həm idman növüdür, həm də əyləncə. Bu idman növünün vətəni Şotlandiya olsa da, ABŞ - da daha populyardır. Bəzi mənbələr, qolfun çobanlar tərəfindən yaradıldığını da iddia edirlər.
Qolfun özünəməxsus qaydaları var
Açıq havada, təbiət qoynunda xüsusi hazırlanmış meydançada oynanılır. Bu əyləncəli idman növü ilə məşğul olmaq üçün qolf çubuğu və kiçik sərt topa ehtiyac var. Oyunun məqsədi, təyin olunmuş 18 parkuru (çuxuru) qolf topuna ən az toxunuş edərək tamamlamaqdır.
Hər il 900 nəfər
Qolf dünya üzrə elitar təbəqənin məşğuliyyəti hesab edilir. Kübar insanlar bu məşğuliyyəti daha çox sevirlər. Nə qədər təəccüblü olsa da, qolf təhlükəli idman növlərindən biridir. Rəsmi statistikaya görə, hər il 900 nəfər qolf meydançalarında həyatla vidalaşır.
XX əsrdə ilk dəfə
1900 və 1904 - cü illərdə keçirilmiş Olimpiya Oyunlarının proqramına qolf da daxil edilmişdir. Beynəlxalq Olimpiya Komitəsinin 2009 - cu ildə Danimarkanın paytaxtı Kopenhagendə keçirilən 121-ci sessiyasında bu idman növü yenidən 2016 və 2020 Yay Olimpiya Oyunlarının proqramına daxil edilib.
Kübarların sevimli məşguliyyəti
Azərbaycanda da bu idman növü kütləviləşməyə başlayıb. Ölkəmizdə ilk qolf klubu 2013 - cü ildə Quba şəhərində fəaliyyətə başlayıb. "Total Qolf" tikinti şirkəti tərəfindən inşa olunmuş 18 dəlikli 74 hektar ərazidə yerləşən Milli Quba Qolf klubu dünya standartlarına uyğun olaraq tikilmişdir. Həmin ilin oktyabr ayında qolfçuları sevindirəcək daha bir hadisə baş verdi. Qolfla peşəkar məşğul olmaq üçün Bakı şəhərində Milli Qolf Akademiyası açıldı. Bundan sonra idmanın bu növü ilə peşəkar səviyyədə məşğul olanların sayı artdı.
Azərbaycan Qolf Federasiyasının əsas məqsədi qolfu idman növü kimi inkişaf etdirmək, daha da populyarlaşdırmaq və geniş kütləyə sevdirməkdir.
Qasım Xuluflu